Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

27.02.2019 15:00

 

Gənc bioloqların qış məktəbi öz işinə başlayıb

Fevralın 27-də AMEA Biologiya və Tibb Elmləri Bölməsinin və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Gənc bioloqların qış məktəbi–2019” fəaliyyətə başlayıb.

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təşkil olunan qış məktəbi biologiya və tibb elmləri sahəsində tədqiqat aparan gənc alim və mütəxəssislər, həmçinin magistrant, doktorant və dissertantlar üçün nəzərdə tutulur.

Tədbirdə çıxış edən Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov akademiyada müxtəlif sahələr üzrə qış məktəblərinin təşkilinin gənclərin elmə cəlb olunmasına xidmət etdiyini bildirib. Qeyd edib ki, bu cür məktəblərin təşkili elmin və gənclərin inkişafına mühüm töhfə verir, onlarda elmi diskussiya mədəniyyətini formalaşdırır.

"Builki qış məktəbinin biologiya elminə həsr olunması müasir dövrdə müvafiq sahənin müxtəlif istiqamətlərdə inkişaf etməsinin nəticəsidir" - deyən alim son dövrlərdə biologiya elminin sürətlə inkişaf etdiyini bildirib. Ə.Əmiraslanov əlavə edib ki, multidissiplinar tədqiqat işlərinin aparılması nəticəsində molekulyar biologiya, biotexnologiya, genetika, biotibb və digər elm sahələri yaranıb. Hazırda molekulyar biologiya, biotexnologiyalar sahələrində fundamental elmi tədqiqat işləri aparılır.

Bölmənin akademik-katibi bildirib ki, akademik Cəlal Əliyevin rəhbərliyi ilə müvafiq şöbənin nəzdində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradılıb və görkəmli alim daim gənclərin elmə cəlb olunmasına böyük dəstək göstərib. O, bu gün institutda həmin ənənənin uğurla davam etdirildiyini vurğulayıb.

Sonra AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov, Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və digərləri çıxış edərək, qış məktəbinin iştirakçılarına uğurlar arzulayıblar.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d., dosent Famin Salmanov bildirib ki, AMEA-nın Bilologiya və Tibb bölməsinə daxil olan institutların gənc alim və mütəxəssislərinin, eləcə də respublikanın ümumtəhsil müəssisələrinin gənc bioloqlarının elmi biliklərinin təkmilləşdirilməsinə, həmçinin onların gələcək fəaliyyətlərinin istiqamətləndirilməsinə xidmət edən bu layihənin proqramında yeni elmi prioritetlərə dair elmi master klasslar, maraqlli elmi məruzələr, elmi disputlar, ekskursiyalar və s. nəzərdə tutulmuşdur: "Məlumat üçün bildirim ki, bu layihə bizim ilk təşəbbüsümüz deyil, belə ki, ötən ilin yayında biz kimya elmləri bölməsilə birgə hənc kimyagərlərin yaya məktəbi – 2018 adlı tədbirimizi keçirməyə müvəffəq olduq. Layihənin uğurlu nəticələrini diqqətə alan AMEA rəhbərliyi, o cümlədən hörmətli Akif m. Bu təşəbbüsün genişləndirilməsini tövsiyə etdi. Bizim növbəti yay məktəbimiz də bu il gənc arxeloqlar üçün nəzərdə tutulub ki, artıq bizim Şura bununla bağlı hazırlıqlara start verib".

Şura sədri qeyd edib ki, bu gün bu məktəbdə iştirak hüququ qazanan gənc bioloqların bu layihəyə qoşulmasi təsadüf deyil, belə ki, biz ümumtəhsil müəssisələrinin,o cumlədən nazirliklərin elmi tıdqiqat muəssilərinin çoxsayli müraciət etdiyi bakalavr və magistrladan və Akademiyanın gənc alim və mütəxəsislərindən layiqli iştirakçıları ekspert komissiyası ilə birlikdə seçilib.

GAMŞ rəhbəri nəzərə çatdırıb ki, üç gün davam edəcək qış məktəbində gənc bioloqlar müxtəlif formatlı elmi disputlar aparacaq, biologiya və tibb elmlərinin mütərəqqi prioritetlərinə dair biliklərini təkmilləşdirəcəklər.

Sonra akademik İ.Hüseynova “Molekulyar biologiyadan müasir kənd təsərrüfatına və tibbə doğru: problemlərə yeni baxış” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə bölməyə daxil olan elmi müəssisələrdə aparılan tədqiqatlar, eləcə də həmin təşkilatlarda fəaliyyət göstərən beynəlxalq qruplar ilə müştərək yerinə yetirilən araşdırmaların nəticələri müzakirə edilib.

Faydalı Linklər