AMEA-nın Mikrobiologiya İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.  

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Müəssisənin direktoru vəifəsini icra edən, AMEA-nın müxbir üzvü Pənah Muradovun sədrliyi ilə baş tutan iclasda qurumun 3 şöbə və 7 laboratoriyasının 2020-ci il ərzində elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı illik hesabatları dinlənilib.

Tədbiri P.Muradov açaraq elmi müəssisənin cari ildə öz fəaliyyətində ölkə başçısının fərman və sərəncamlarını, dövlət proqramlarını, eləcə də AMEA-nın Ümumi yığıncağı və akademiyanın Rəyasət Heyətinin qərarlarını əsas götürdüyünü bildirib. Alim müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan, eləcə də elmi-təşkilati işlərdən söz açıb. P.Muradov müəssisə əməkdaşlarının fəaliyyətlərini koronavirus pandemiyasına baxmayaraq, nəzərdə tutulan plana uyğun yerinə yetirdiklərini, bir neçə təsərrüfat hesablı müqavilə üzrə tədqiqatlar apardıqlarını diqqətə çatdırıb.

Sonra şöbə və laboratoriya müdirlərinin hesabatları dinlənilib, aparılan elmi-tədqiqat işlərinin nəticələri, onların elmi və praktiki əhəmiyyəti haqqında məlumat verilib, suallar cavablandırılıb.

P.Muradov elmi fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı şöbə müdirlərinə müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.

Sonda hesabatların yekdilliklə qəbul olunması barədə qərar qəbul edilib.

© www.science.gov.az