Mikrobiologiya İnstitutunun Elmi şurasının AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə onlayn iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq yığıncaqda Mikrobiologiya İnstitutunun 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatın müzakirə olunacağını söyləyib.

Sonra Mikrobiologiya İnstitutunun direktor v.i.e., AMEA-nın müxbir üzvü Pənah Muradov təqdimatla çıxış edib. O, bölmə üzvlərini müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağ müharibəsində qazandığı böyük zəfər münasibəti ilə bir daha təbrik edib, Vətən savaşında həlak olmuş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq diləyib.

P.Muradov hesabat dövründə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Fəaliyyət Planı” çərçivəsində AMEA-ya tapşırılmış işlərin icrasında Mikrobiologiya İnstitutunun fəal iştirak etdiyini söyləyib. Alim cari ildə 2 problem 7 mövzunu əhatə edən 7  işin 19 mərhələsinin tamamlandığını və nəzərdə tutulan iş həcminin tam yerinə yetirildiyini söyləyib. Onun sözlərinə görə, aparılan işlərin ümumi məqsədi Azərbaycanın müxtəlif  bölgələrində su, torpaq və meşə ekosistemlərinin müasir vəziyyətinin mikrobioloji və mikoloji aspektlərdə qiymətləndirilməsinə həsr edilib.

P.Muradov hesabat ilində AMEA-nın prioritet istiqamətlər üzrə elan etdiyi innovativ layihələrdə institutun əməkdaşlarının fəallığı ilə seçildiyini vurğulayıb. Müəssisə əməkdaşlarının fəaliyyətlərini koronavirus pandemiyasına baxmayaraq, nəzərdə tutulan plana uyğun yerinə yetirdiklərini deyən məruzəçi bir neçə təsərrüfat hesablı müqavilə üzrə tədqiqatlar apardıqlarını diqqətə çatdırıb.

Alim institutun laboratoriyalarında aparılan elmi-tədqiqat işləri, dərc edilmiş elmi əsərlər, kadr hazırlığı, qrant layihələri, problemlər və perspektivlər haqqında da məlumat verib.

Sonra məruzəçi BTEB-in və institutun Elmi şurasının üzvlərini maraqlandıran  sualları cavablandırıb.

Hesabatın müzakirəsində BTEB-in üzvlərindən akademiklər - İradə Hüseynova, Validə Əlizadə, AMEA-nın müxbir üzvləri - Zeynal Əkpərov, Novruz Quliyev,   və digərləri institut kollektivinin il ərzində apardığı işi məqbul hesab ediblər.

Sonda akademik İradə Hüseynova Mikrobiologiya İnstitutunun fəaliyyətini qənaətbəxş qiymətləndirib.

© www.science.gov.az