Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

30.05.2019 17:20

 

“Mikroorqanizmlər uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

AMEA-nın Mikrobiologiya İnstitutunda Elm TV ilə birgə 28 May - Respublika Günü münasibətilə məktəblilər arasında “Mikroorqanizmlər uşaqların gözü ilə” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə institutun direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və onun tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Cümhuriyyətin fəaliyyəti dövründə mühüm qərarlar qəbul olunub, elmə, təhsilə xüsusi diqqət göstərilib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova müasir müstəqil Azərbaycanda qazanılan uğurlardan bəhs edib. Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu diqqətə çatdıran akademik İradə Hüseynova gənclərin elmə marağının artırılmasının əhəmiyyətini xüsusi qeyd edib.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov şagirdlərin elmə marağının artırılmasında bu kimi tədbirlərin rolunu vurğulayıb.

Tədbirin təşkilat komitəsinin sədri, Mikrobiologiya İnstitutunun laboratoriya rəhbəri, dosent Könül Baxşəliyeva qeyd edib ki, Azərbaycan elminin təbliği bu gün qarşıda duran əsas vəzifələrdən biridir. Müsabiqənin məqsədi məktəblilərə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaqdır.

Sonda məktəblilərin müsabiqədə bakteriya və göbələklərin mikroskopik vizual görüntüsü, zərərli və faydalı tərəfləri, təbiətdəki rolu və s. xüsusiyyətləri haqqında hazırladıqları əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Münsiflər heyətinin qərarına əsasən, I yerin qalibi 281 nömrəli məktəbin şagirdi Aysu İsmayılzadə (müəllimə Esmira Quliyeva), II yerin qalibləri Sumqayıt şəhər 14 nömrəli məktəbin şagirdləri Rəvan Mirzəmmədov, İlahə Seyidquliyeva (müəllimə Aynurə Rüstəmova), Bakı Avropa Liseyinin şagirdi Rəşad İsayev (müəllimə Gülzadə Rüstəmova), III yerlərin qalibləri Sumqayıt şəhər 22 nömrəli məktəbin şagirdi Ayan Abdullayeva, İsmayıllı rayon 5 nömrəli məktəbin şagirdi Fatimə Ramazanova(müəllimə Vüsalə Abdullayeva), 279 nömrəli məktəbin şagirdi Fatimə Hüseynova (müəllimə Təranə Rəcəbova) diplom və pul mükafatlarına layiq görülüb, əl işləri xüsusi seçilən şagirdlərə hədiyyələr və sertifikatlar təqdim edilib.

Məqalə © http://science.gov.az -dan götürülmüşdür

Faydalı Linklər