Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

14.10.2019 18:04

 

650 min ağac əkmək təşəbbüsü ətraf mühitin və ekologiyanın sabahına hesablanmış bir addımdır

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünə əsasən şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək. Bu genişmiqyaslı tədbirə Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının doğulduğu Şamaxı rayonunda start veriləcək. Hazırda bəşəriyyəti ciddi narahat edən, gələcək nəsillər üçün öz təxirəsalınmaz həllini gözləyən ətraf mühitin problemlərinə ictimaiyyətin diqqətinin artırılmasında bu mühüm təşəbbüsün irəli sürülməsi böyük əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov söyləyib.

“Ağaclar çox əkilən yerlərdə insanların yaşaması və fəaliyyət göstərməsi üçün vacib olan oksigen təminatı da yüksək səviyyədə olur. Bunun nəticəsində havada yayılma qabiliyyətinə malik xəstəlik törədən bir çox mikrocanlıların fəaliyyəti zəifləyir. Eyni zamanda, çoxlu ağac əkilməsi və meşə zolaqlarının salınması qlobal istiləşmə və iqlim dəyişməsinə də müsbət təsir edən yanaşmalardan hesab edilə bilər. Yaşıllıq sağlamlıq, gümrahlıq rəmzi olmaqla bərabər, insan yaşayışının başlıca rəhnidir. İnsan övladı da onun üçün lazım olan təmiz havanı, oksigeni məhz bu mənbədən alır. Azərbaycanın Birinci vitse-prezidentinin bu təşəbbüsü çox faydalı, gərəkli və yaşadığımız dünyanın, ətraf mühitin və ekologiyanın sabahına hesablanmış bir addımdır”,- deyə Pənah Muradov qeyd edib.

Məqalə © http://azertag.az götürülmüşdür

Faydalı Linklər