Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

16.11.2019 11:13

 

”Mikroorqanizmlər və onların həyatımızdakı faydaları” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş “Mikroorqanizmlər və onların həyatımızdakı faydaları” mövzusunda müsabiqənin yekun iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynadığını söyləyib.

Mikrobiologiya İnstitutunun direktoru Məmməd Salmanov və Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə məktəblilər arasında keçirilən müsabiqənin əhəmiyyətindən söz açıblar. Çıxış edənlər müsabiqənin şagirdlərin elmi biliklərə marağının artırılmasında, istedadlı şagirdlərin üzə çıxarılmasında və onların gələcək inkişafında vacibliyini qeyd edib, məktəblilərə tövsiyələrini veriblər.

AMEA–nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova müasir müstəqil Azərbaycanın bütün sahələrdə uğurlarından bəhs edib. Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu diqqətə çatdıran İradə Hüseynova gənclərin elmə marağının artırılmasının əhəmiyyətini xüsusi qeyd edib.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov şagirdlərin elmə marağının artırılmasında bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirin təşkilat komitəsinin sədri, Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri, AMEA-nın professoru Könül Baxşəliyeva qeyd edib ki, cəmiyyətin maarifləndirilməsi, bilikli gənc nəslin yetişdirilməsi bu gün qarşıda duran əsas vəzifələrdən biridir. Müsabiqənin məqsədi də məktəblilərə bu istiqamətdə yardımçı olmaq, biliklərini əyani şəkildə nümayiş etdirmək imkanı yaratmaqdır.

Məktəblilərin müsabiqədə bakteriya və göbələklərin mikroskopik, vizual görüntüsü, zərərli və faydalı tərəfləri, təbiətdəki rolu, biotexnoloji əhəmiyyəti və s. xüsusiyyətləri haqqında hazırladıqları əl işləri münsiflər heyəti tərəfindən üç nominasiya üzrə qiymətləndirilib.

Münsiflər heyətinin qərarına əsasən “Mikrobioloji proseslərin sxematik təsiri mikroorqanizmiərin təsviri ilə” və “Xüsusi seçilmiş işlər” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb.

Bakı Avropa Liseyinin, İncəsənət Gimnaziyasının və Gənc İstedadlar Liseyinin şagirdləri Oğuz İsayev, Finarə Nəcəfova və Məmməd Hüseynov birinci yerin qalibi olublar. Bakı Modern Təhsil Kompleksinin şagirdləri Bəyim Seyidova, Murad Ağabalayev, Fidan Əhmədova, Ləman Quliyeva, Dilbər Nəcəfova, Nuray Hüseynzadə, Gövhər Aslanova və Bakı şəhər 103 nömrəli məktəbin şagirdi Şəhanə İsmayilova ikinci yerə layiq görülüblər.

Paytaxtın 221, 232, 14, 21 və Salyan rayonunun 4 nömrəli məktəblərinin, eləcə də Bakı Modern Təhsil Kompleksinin şagirdləri isə üçüncü yeri tutublar.

Qaliblərə diplom və pul mükafatları, əl işləri xüsusi seçilən şagirdlərə isə hədiyyə və sertifikatlar verilib.

Məqalə © www.science.gov.az götürülmüşdür

Faydalı Linklər