Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

18.06.2014 12:00

 

AMEA Mikrobiologiya İnstitutunun direktor müavini Aşqabadda keçirilmiş beynəlxalq konfransda iştirak edib

Aşqabadda (Türkmənistan) Elm gününə həsr olunmuş “Qüdrət və bəxtiyarlıq dövründə elm, texnika və innovasiya texnologiyaları” beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbir dünyanın hər bir tərəfindən olan elm nümayəndələrini bir araya gətirərək gələcəkdə ölkələr arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi məqsədi daşıyır.

Türkmənistan Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən və 3 gün davam edən tədbirdə ölkəmizi AMEA Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü professor Pənah Muradov təmsil edib. O, “Bitki substratlarının liqnin komponentinin derqradasiyasında ayrı-ayrı fenoloksidazaların rolu” mövzusunda məruzə ilə çıxış edib.

Müxtəlif istehsal sahələrində əmələ gələn və istifadəyə yararlı olmayan bitki tullantılarının utilizasiyasına imkan verən məsələlərin aydınlaşdırılmasına həsr edilmiş məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.

Sonra Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Türkmənistan Elmlər Akademiyasının texnoloji mərkəzinin açılış mərasimi keçirilib.

Tədbir gənc alimlər müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi, Türkmənistanın Neft və Qaz Universitetinin əməkdaşları ilə görüş ilə başa çatdırılıb.

Faydalı Linklər