Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
- Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) adlandırılsın.
- Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilsin.
- Nazirliyin yanında aşağıdakı Agentliklər yaradılsın:
3.1. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi;
3.2. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.
- Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilsin (əlavə edilir).
- Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. üç ay müddətində:
6.1.1. Nazirliyin yeni əsasnaməsinin və strukturunun, habelə bu Fərmanın 3.1-ci və 3.2-ci bəndləri ilə yaradılan Agentliklərin əsasnamələrinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.1.2. bu Fərmanın 1–5-ci hissələri nəzərə alınmaqla, elm və təhsil sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.1.3. Nazirliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddini, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.2. bu Fərmanın 4-cü hissəsinə uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Nazirliyin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının balansında olan dövlət əmlakının Nazirliyin balansına verilməsi ilə bağlı tədbirlər görsün;
6.3. bu Fərmanın 4-cü və 5-ci hissələri nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunu və işçilərinin say həddini üç ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.4. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndləri, 4-cü və 5-ci hissələri nəzərə alınmaqla zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
6.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
- Nazirlik:
7.1. bu Fərmanın 4-cü hissəsinə uyğun olaraq tabeliyinə verilən qurumların sayının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
7.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
- Azərbaycan Milli Elmlər Akademiyası:
8.1. bu Fərmanın 2-ci, 4-cü və 5-ci hissələri nəzərə alınmaqla, Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyul 2022-ci il