İyunun 20-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Dendrologiya İnstitutu, Mikrobiologiya İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, Manaş Kozıbayev Şimali Qazaxıstan Dövlət Universiteti, Qazaxıstan Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin Botanika və Fitointroduksiya İnstitutunun birgə təşkilatçılığı ilə Odlar Yurdu Universitetində “Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, öncə konfrans iştirakçıları universitetin foyesində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Dendrologiya İnstitutunun elmi nailiyyətlərinə həsr olunmuş sərgi ilə tanışlıq olub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
AMEA-nın müxbir üzvü Pənah Muradov Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən konfransın işini yüksək qiymətləndirib. Bildirib ki, COP29 konfransının Azərbaycanda keçirilməsi həm iqtisadi, həm siyasi baxımdan dünya dövlətləri tərəfindən Azərbaycana göstərilən etimadın nəticəsidir.
Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev beynəlxalq tədbirin əhəmiyyətinə diqqət çəkərək bildirib ki, bu gün iqlim dəyişikliyi və biomüxtəliflik məsələləri dünyanın ən mühüm problemlərinə çevrilib. Professor bu məsələlərə dövlətlər səviyyəsində diqqət yetirildiyini və alimlər qarşısında mühüm vəzifələrin müəyyənləşdirildiyini qeyd edib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bugünkü konfransın dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələrlə qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri problemlərinin həlli istiqamətində birgə fikir mübadiləsinin aparılması, dünya təcrübəsinin öyrənilməsi və bu təcrübənin Azərbaycanda tətbiqi üçün imkanlar yaradacağına əminliyini ifadə edib.
AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, Dendrologiya İnstitutunun direktoru Minarə Həsənova, Şərqi Zəngəzur iqtisadi rayonunda daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Zeynal Əkbərov çıxış edərək “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən konfransın beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilməsinin önəminə toxunublar.
Sonra konfransa onlayn qoşulan Qazaxıstan Botanika və Fitointroduksiya İnstitutunun rektoru akademik Gülnarə Sitpayeva, Beynəlxalq Elmlər Akademiyaları nəzdində MDB Botanika bağları cəmiyyətinin sədri akademik Vladimir Reşetnikov, Beynəlxalq Elmlər Akademiyaları nəzdində MDB Botanika bağları cəmiyyətinin sədr müavini Svetlana Potapova və başqaları çıxış ediblər.
Konfrans işini iyunun 21-də davam etdirəcək.