AMEA-nın Mikrobiologiya İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.

İclası müəssisənin direktor v.i.e., AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Qeyd edib ki, tədbirdə 2020-ci ilin yekunları, 2021-ci ildə görüləcək işlərin planı və cari məsələlərin müzakirəsi nəzərdə tutulub.

P.Muradov bu günlərdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə keçirilən iclasda müəssisənin təqdim olunan hesabatı ətrafında qeyd edilən fikirlərə, iradlara toxunaraq, gələcəkdə onların əldə rəhbər tutulmasının vacibliyini bildirib. Onun sözlərinə görə, hesabat ilində pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, institut nəzərdə tutulan bütün işləri yerinə yetirib, bəzi sahələrdə ötən illərlə müqayisədə yüksəlişə nail olunub. Diqqətə çatdırılıb ki, bu, özünü ilk növbədə dərc edilən məqalələrin həm sayında, həm də dərc olunma yerlərində büruzə verib. Belə ki, 2019-cu ildə beynəlxalq sitatgətirmə və xülasələndirmə bazalarına düşən jurnallarda dərc edilən məqalələrin sayı 5 olduğu halda, 2020-ci ildə bu rəqəm 10-a yüksəlib.

Humanitar fəaliyyət çərçivəsində müəssisənin aktiv iştirak etdiyini deyən P.Muradov Koronavirusla Mübarizəyə Dəstək Fonduna 800 manat, Silahlı Qüvvələrə Yardım Fonduna həmkarlar təşkilatı ilə birgə 5800 manat, “YAŞAT” Fonduna isə 1000 manat məbləğində vəsaitin köçürüldüyünü xatırladıb. Bundan əlavə, 5 şəhid ailəsinin hər birinə 400 manat olmaqla maddi yardım da edilib. Gələcəkdə bu istiqamətdə fəaliyyətin davam etdirilməsi, eləcə də əməkdaşların iş qabiliyyətindən pandemiyanın yaratdığı şəraitə uyğun istifadəsinin səmərəliliyinin yüksəldilməsinin məqsədəuyğunluğu vurğulanıb. 

İclasda, o cümlədən 2021-ci ildə ölkəmizin müxtəlif ərazilərindəki su, torpaq və meşə ekosistemlərinin, həmçinin qapalı mühitlərin mikro və makro-biotasının müxtəlif aspektlərdə qiymətləndirilməsinə və müxtəlif biotoplardan ayrılan mikroorqanzimlərdən praktiki məqsədlər üçün istifadəyə həsr olunan 2 problem üzrə 17 mərhələdə tədqiqatların aparılmasının nəzərdə tutulduğu bildirilib.

Yığıncaqda müəssisənin laboratoriyaları tərəfindən təqdim edilən işlər geniş müzakirə olunaraq təsdiqlənib. Eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də elmi tədqiqat işlərinin aparılmasının vacibliyinə toxunulub.

Müzakirələr nəticəsində 2021-2025-ci illərdə Mikrobiologiya İnstitutunda Pənah Muradovun rəhbərliyi altında “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin su, torpaq və bitki ehtiyatlarının müasir vəziyyətinin və səmərəli istifadəsinin mikrobioloji əsaslarının işlənib hazırlanması” adlı yeni mövzunun tematik plana əlavə edilməsi, sözügedən mövzu üzrə 1 iş və 3 mərhələ üzrə tədqiqatların aparılması, həmin işlərin 4 laboratoriyada (Su mikrobiologiyası, Torpaq mikrobiologiyası, Mikrobioloji biotexnologiya və Eksperimental mikologiya laboratoriyası) yerinə yetirilməsi qərara alınıb

© www.science.gov.az