Müstəqilliyin əldə edilməsi və onun qoruması heç bir zaman asan olmur. Bu proseslər əksər hallarda ağır imtahanlardan, o cümlədən müharibələrdən keçir. Müstəqilliyini elan etdikdən sonra Azərbaycan Respublikası torpaqlarının bir hissəsinin işğalı ilə müşayiət olunan, əslində isə Ermənistanın işğalçılıq siyasətininin təzahür forması olan “Dağlıq Qarabağ” adlanan ağır bir problemlə üzləşmişdir.

Belə ki, Azərbaycan SSR-in tərkibindən ayrıldıqdan sonra ermənilər öz xislətlərinə uyğun olaraq növbəti dəfə onlara adiyyəti olmayan, sadəcə məskunlaşıb yaşadıqları, əzəli Azərbaycan torpaqlarını özlərininki hesab edərək Dağlıq Qarabağı müstəqil bir ərazi kimi Ermənistana birləşdirmək fikrinə düşdülər. 1988-ci ildən başlayan və davam edən bəzi münaqişələr 1990-cı illərdə artıq son həddə çataraq elan olunmamış müharibə halına gəldi.

Bu illər ərzində ATƏT tərəflər arasındakı münaqişəni yoluna qoymaq istəsə də, 30 ilə yaxın müddətdə heç bir nəticə olmamışdır. Baxmayaraq ki, BMT-nin bununla bağlı Azərbaycan Respublikasının xeyrinə qəbul etdiyi 4 qətnaməsi var idi. Ulu öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin davam etdirdiyi məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan Respublikası bu gün dünyada öz sözünü deyə bilən, güclü tərəfdaşları və güclü ordusu olan bir ölkəyə çevrilmiş və artıq özü öz müqəddəratını həll edərək torpaqlarının azad olunması üçün mübarizə aparır. Bu səbəbdən bu gün hər bir azərbaycanlı Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib torpaqlarımızın azad olunması üçün Prezidentin verdiyi hər bir qərarı dəstəkləyir, əsgərinin yanındadır, ən böyük arzusu isə işğaldan azad olunmuş bütün torpaqlarda üç rəngli bayrağımızın dalğalanmasını görməkdir. O gün yaxındadır.

Yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!

Könül BAXŞƏLİYEVA, AMEA-nın Mikrobiologiya İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru, dosent

© www.science.gov.az