1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Həmin gün Xocalıda erməni silahlı birləşmələri tərəfindən dinc sakinlərin xüsusi qəddarlıqla qətlə yetirilməsi bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mikrobiologiya İnstitutunun direktoru vəzifəsini icra edən Pənah Muradov söyləyib.

P.Muradov erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən, Xocalı faciəsinin acı nəticələrindən söz açıb:

“İyirmi doqquz il əvvəl bu faciəni yaşamış insanlar yaxşı bilirlər ki, həmin günlərdə bütün Azərbaycan həyəcan içərisində idi. 1992-ci ildə Xocalı mühasirədə olan şəhərlərdən biri idi və təəssüf ki, bundan istifadə edən ermənilər bu qətliamı törətməkdən çəkinmədilər. Mənfur qonşularımız olan ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda dinc, silahsız azərbaycanlılara qarşı törədilən vəhşiliklərin birbaşa iştirakçısı oldular. Xocalı soyqırımını, onun acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyəti ondan ibarətdir ki, qoy, hər kəs ermənilərin əsl üzünü görsün, onların kim olduğunu bilsin. Xocalı hadisələri zamanı erməni cəlladları uşaqların dərisini soydular, insanları doğradılar, onlara süngü ilə işgəncələr verdilər. Qocaların, qadınların və uşaqların Xocalını tərk etmələrinə imkan vermədilər. Hər kəs Xocalıda baş verənlər barədə öz nəvə-nəticələrinə danışmalı, bu cinayəti unudulmağa qoymamalı, həqiqətləri gələcək nəsillərə çatdırmalıdır”.

Pənah Muradov faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edildiyini vurğulayıb.