AMEA-nın Mikrobiologiya İnstitutu ilə AR Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Elm və İnovasiya Mərkəzinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu (HETİ) arasında qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və görüləcək işlərin müzakirəsini nəzərdə tutan onlayn iclas keçirilib.

Hər iki institutun rəhbər və işçi heyətinin iştirakı ilə keçirilən iclası HETİ-nin direktoru Mahir Haciyev açaraq qarşılıqlı əlaqələrin inkişafı üçün atılan addımı yüksək qiymətləndirib. Rəhbərlik etdiyi institutun yaranma tarixi və inkişaf yolundan söz açan M.Hacıyev bildirib ki, sovet dövründən sonra geriləyən institut son üç ildə innovativ üsulların tətbiqi sayəsində xeyli inkişaf edib. O qeyd edib ki, 4 şöbə və 6 laboratoriyadan ibarət olan institutun Abşeron Heyvandarlıq Stansiyası, Goranboy Arıçılıq Mərkəzi, Şəki Dayaq Məntəqəsi var və işğaldan azad olunmuş torpaqlarda yeni dayaq məntəqələrinin açılması nəzərdə tutulur. Alimin sözlərinə görə, sözügedən institutda heyvanların embrion dövründən post embrion dövrünədək aparılan genetik tədqiqatları izləmək üçün ən son avadanlıqlar quraşdırılıb. Bundan əlavə, toksinlərin təyini üçün yeni cihazlar əldə olunub. Heyvanların ilboyu yaşıl yemlə təminatı üçün institutda yeni metodun tətbiq olunduğunu vurğulayan alim yem fabrikləri, eləcə də Rusiyanın üç böyük institutu ilə müqavilələr imzalandığını diqqətə çatdırıb.

Sonra Mikrobiologiya İnstitutunun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Pənah Muradov rəhbərlik etdiyi müəssisənin yaranma tarixi və tədqiqat obyektləri haqqında qarşı tərəfi məlumatlandırıb, tərəflər arasındakı gələcək ortaq layihələrdən bəhs edib. O bildirib ki, hazırda Mikrobiologiya İnstitutunda heyvandarlıq məhsullarının istehsalı və keyfiyyətli yem hazırlanması üzrə güclü effektiv bioloji əlavələrin yaradılması məqsədilə tədqiqatlar aparılır və maraq kəsb edən nəticələr var. Belə ki, hər iki müəssisə üzüm çöp silosunun hazırlanması və hər il mikroorqanizmlərin bitki və heyvanlarda yaratdığı xəstəliklərin qarşısının alınmasına dair tədqiqatlarda birgə əməkdaşlıq edə bilər.

Daha sonra Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri, b.e.d. Könül Baxşəliyeva təmsil etdiyi müəssisədə göbələk xəstəliklərinin qarşısını ala biləcək biopreparatların hazırlanması haqqında məlumat verib. O, çalışdığı qurumun KTN-nin Meyvəçilik, Çayçılıq və Tərəvəzçilik institutları ilə mövcud əlaqələrindən danışıb, HETİ ilə də müştərək tədqiqatlarda maraqlı olduqlarını vurğulayıb.  

Heyvandarlığın yetişdirilməsi və toksiki zəhərlənmələr sahəsində əməkdaşlıq əlaqələrinin vacibliyini bildirən HETİ-nin Genetik tədqiqatlar və biotexnoloji üsulların tətbiqi laboratoriyasının müdiri Yasin Gözəlov isə institutun nəzdində yardımçı təcrübə təsərrüfatı olduğunu və burada müxtəlif cins keçi, qoyun, toyuq və dovşan növlərinin yetişdirildiyini söyləyib.

İclasda çıxış edən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Aidə Əsgərova müəssisədə seleksiya və damazlıq üsulları ilə yeni cinslərin yetişdirilməsi prosesindən bəhs edib.

Tədbirin sonunda tərəflər işçi qrupun yaradılması, birgə tədqiqat layihəsinin hazırlanması və əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılığa gəliblər.