29 iyun 2021-ci il tarixində AMEA-nın Mikrobiologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BED 1.07 Dissertasiya Şurasının növbəti onlayn iclası keçrilib.
Akademik M.Ə.Salmanovun sədirlik etdiyi iclasda Nizami Rza oğlu Namazovun 2414.01- "Mikrobiologiya" ixtisasında biologiya elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan florasına aid efiryağlı bitkilərin mikobiotası, onların tərkib komponentlərinin bakterisid və fungisid aktivliyi” mövzusunda təqdim etdiyi dissertasiya işi dinlənilib.
Dissertasiya işi AMEA Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya və biololi aktiv maddələr laboratoriyalarında yerinə yetirilib.
Təqdim olunan iş Azərbaycanın florasına daxil olan bir sıra efir yağlı bitkilərin mikobiotasının növ tərkibinə və ekotrofik ixtisaslaşmasının təzahür formalarına, eləcə də bitkilərdən alınan müxtəlif materialların bakterisid və fungisid xüsusiyyətlərinə görə qiymətləndirilməsinə həsr edilib. Dissertasiyanın nəticələrinin bəziləri AMEA-nın illik hesabatına mühüm nəticə kimi daxil edilib və çöl şəraitində aparılan tədqiqatlarda müsbət nəticə ilə sınaqdan keçirilib.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib. Dissertasiya şurasının üzvləri Nizami Rza oğlu Namazovun biologiya elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini və iddia etdiyi elmi ada layiq olduğuna yekdilliklə səs veriblər.