2019-cu ilin sonlarında Çinin Uxan şəhərində yaranan və sürətlə yayılan koronavirus pandemiyasının fəsadlarının və ehtimal olunan təhlükələrinin qarşısının alınması üçün dünyada, eləcə də Azərbaycanda kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın qəbul olunması öz bəhrəsini verməkdədir. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda əhalinin 4 növ vaksin seçimi var və onların hər biri effektiv və təhlükəsizdir.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov söyləyib. O vurğulayıb ki, Azərbaycan dövləti daim əhalinin sağlamlığını düşünür. Pandemiyanın ilk günlərindən başlayaraq həyata keçirilən tədbirlər baxımından respublikamızın səhiyyə sistemi hətta dünyanın aparıcı ölkələrinə bir nümunə oldu.

Viruslarla mübarizədən danışan P.Muradov qeyd edib ki, vaksinlər müəyyən bir xəstəliyə qarşı aktiv qazanılmış immuniteti təmin edən bioloji hazırlıqdır. Yalnız peyvənd immun sistemimizi virusla effektiv mübarizə aparmağa hazır edir.

Mikrobioloq alim koronavirusla mübarizədə dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlərlə yanaşı, ayrı-ayrı fərdlərin də bu prosesdə böyük rolu olduğunu deyib, insanların vaksinasiya olunmasının və şəxsi gigiyena qaydalarına əməl etməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanda qabaqlayıcı tədbirlər hesabına ciddi təhlükənin geniş şəkildə yayılmasının qarşısı hazırkı mərhələdə uğurla alınır və bu istiqamətdə fəaliyyətin davam etdirilməsi Azərbaycanın bu bəladan minimal itkilərlə çıxmasına nail olunması üçün birlikdə mübarizə vacibdir. Yalnız peyvənd vurulmaqla kütləvi immun sistemi qazanaraq COVID-19-a qalib gəlmək mümkündür. Vaksinasiya ilk növbədə həmin şəxsin özünü və yaxın ətrafdakıları yoluxmadan qoruyur. Ona görə də vətəndaşların vaksinasiyada aktiv iştirak etməsi və gigiyena qaydalarına əməl olunması vacibdir.

“AMEA-da da koronavirusla bağlı qəbul edilən göstəriş və qərarların vaxtında və düzgün yerinə yetirilməsi təmin edilib. Həmçinin Mikrobiologiya İnstitutunun kollektivi vaksinasiya prosesində fəal iştirak edib. Müşahidələrimizə əsasən deyə bilərəm ki, əməkdaşlarımız peyvənd olunduğu müddətdə heç bir əks-göstərişlə rastlaşmayıblar.

Vaksinasiya yenidən sağlam və normal həyata dönüş deməkdir. Ən əsası isə vaksinasiya sağlam gələcəyinin yeganə təminatıdır. Buna görə də mən bir daha hər kəsi bu məsələdə son dərəcə məsuliyyətli və fəal olmağa, bütün çətin dönəmlərdə olduğu kimi bu işdə də birlik və həmrəylik nümayiş etdirməyə çağırıram. Vaksinin müsbət təsirlərini yaxın vaxtlarda görəcəyik. Çünki bu faktor dünya təcrübəsində özünü təsdiq edib. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır”, - deyə mikrobioloq alim fikrini yekunlaşdırıb.