Artıq bir ildən çoxdur ki, bəşəriyyətin bəlasına çevrilən yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı dünyada olduğu kimi, ölkəmizdə də ciddi mübarizə tədbirləri həyata keçirilir. Əhalinin sağlamlığının qorunması, virusun yayılmasının qarşısının alınması istiqamətində bütün lazımi işlər görülür. Sosial məsafəni saxlamaq, gündəlik gigiyenik qaydalara riayət etməklə yanaşı, infeksiyaya qarşı yeganə mübarizə üsulu, ondan qorunmağın ən etibarlı yolu peyvənd olunmaqdır.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Mikrobiologiya İnstitutunun laboratoriya müdiri biologiya elmləri doktoru, dosent Könül Baxşəliyeva söyləyib. O bildirib ki, ölkəmizə COVID-19 əleyhinə keyfiyyətli və təhlükəsiz vaksinlərin vaxtında gətirilməsi Azərbaycan dövlətinin pandemiya ilə ümumi mübarizə strategiyasının əsasını təşkil edir. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə onun heç bir təhlükəsi yoxdur. Əsas prinsip müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün xəstəliklə qarşılaşanda artıq hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Dünyada aparılan elmi araşdırmalar göstərir ki, vaksindən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olur və virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla xəstəlyə qalib gəlir. Xatırladaq ki, keçmiş dövrlərdə də yoluxucu xəstəliklərin əksəriyyəti ancaq peyvəndləmə ilə nəzarət altına alınıb. Bu səbəbdən vaksin insanların həyatını, həyatımızı və cəmiyyətimizi xilas etmək üçün yeganə yoldur.

Mikrobioloq alim sosial məsafəni saxlamaq, sıxlıqdan və qapalı yerlərdən uzaq olmaq və karantin rejiminin qaydalarına düzgün əməl etməyin vacibliyini vurğulayıb.

“Əminəm ki, Azərbaycan xalqı dövlətimiz və millətimiz üçün həyati əhəmiyyət kəsb edən bu vacib məsələdə həmrəylik nümayiş etdirəcək və biz birlikdə bu xəstəliyin də öhdəsindən gələcəyik”, - deyə Könül Baxşəliyeva fikrini yekunlaşdırıb.