AMEA-nın Mikrobiologiya İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunan onlayn tədbir keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş igid vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbənin ilk növbədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun qəhrəman əsgər və zabitlərinin böyük rəşadətinin hesabına əldə edildiyini bildirib. P.Muradov Azərbaycanın bu tarixi qələbəsinin məhz xalqın istəyi, ordunun gücü və rəhbərin iradəsinin üst-üstə düşməsi hesabına qazanıldığını vurğulayıb. Onun sözlərinə görə, lider, ordu və xalq birliyi öz sözünü qələbə qazanaraq dedi.

Alim Vətən müharibəsi zamanı ölkəmizin həm dövlət, həm də millət səviyyəsində ən güclü dəstəyi Türkiyə və Pakistandan aldığını söyləyib. Bildirib ki, torpaqlarımızın erməni işğalından azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır.

Mikrobiologiya İnstitutunun laboratoriya müdiri, b.e.d., dosent Könül Baxşəliyeva isə bir neçə gün öncə Şuşada apardığı elmi tədqiqatlar zamanı yaşadığı hisslərdən söz açıb: “Şuşanı işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bunu o sıldırım qayaları gördüyümüz an daha çox hiss etdik. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Torpaq insanı özünə çəkir. Bizi o torpağa qovuşduranların qarşısında həmişə borcluyuq. Qəhrəman igid oğullar torpağın sahiblərini yenidən özlərinə qaytardılar”.

Müəssisənin Həmkarlar Təşkilatının sədri, Su mikrobiologiyası laboratoriyasının müdiri, b.ü.f.d., dosent Anar Hüseynov isə bu qələbə hissini xalqımıza yaşadan igidlərimizə minnətdarlığını bildirib, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ölməzlik qazandıqlarını söyləyib.

Çıxışlara yekun vuran Pənah Muradov Qarabağın bərpasında elmin və alimlərin üzərinə düşən vəzifələrə diqqət çəkib və qeyd edib ki, vətən torpağını azad edən, canlarını bu günlər üçün fəda etmiş şəhidlərimizi, onların qəhrəmanlıqlarını daim xatırlayacaq, ruhları qarşısında baş əyəcəyik.