AMEA-nın Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov göbələklərdən istifadə ilə bağlı hansı detallara diqqət edilməsinin vacibliyi haqqında "Qafqazinfo" - ya müsahibə verib. 

Xəbər verdiyimiz kimi, son günlər Zaqatala-Qax bölgəsində ard-arda göbələkdən zəhərlənmə halları baş verir. Nəticədə Qax rayonunun Tasmalı kənd sakini 9 yaşlı İbrahimxəlil Qasımzadə və əmisi oğlu 12 yaşlı Murad Qasımzadə dünyasını dəyişib. Bundan başqa zəhərlənən 5 nəfərin hələ də müalicələri davam edir. İlkin məlumata görə, ailələr öz əlləri ilə meşədən yığılmış göbələkləri yeyəndən sonra zəhərləniblər. 

“Qafqazinfo” bu məqamda göbələklərdən istifadə ilə bağlı hansı detallara diqqət yetirməli olduğumuzla maraqlanıb. AMEA-nın Mikrobiologiya İnstitutunun baş direktoru, akademiyanın müxbir üzvi Pənah Muradov göbələklərə münasibətdə bu deyimi əsas gətirib: “Əgər onu yaxından tanımırsansa, ondan uzaq durmalısan!

Çünki təbiət o qədər mürəkkəbdir ki, heç nəyi təsadüfən yaratmır. Bəzən eyni şeyi əkiz və bir-birindən fərqli yaradır. Göbələklər də bir-birinə oxşayır. Biri zəhərli, biri isə yeməlidir. Onları bir-birindən fərqləndirmək üçün mütəxəssis olmaq lazımdır. Məsələn, elektrik transformatorlarının üzərinə belə bir lövhə vurulur ki, “Əl vurma, öldürər”. Göbələklə bağlı da insanların beyninə belə bir şey həkk olunmalıdır ki, “tanımırsansa, yaxınlaşma, yemə”. 

Çox güman ki, rayonlardakı zəhərlənmələrdə kötük adlı göbələkdən söhbət gedir. Həmin göbələklər də həqiqi və yalançı olmaqla iki yerə ayrılır. Həqiqi kötük göbələyi yeməli olsa da, yalançı göbələk zəhərlidir. Burada maarifləndirici yanaşma olmalıdır.

Mütəxəssisin sözlərinə görə, xüsusilə payız fəsli göbələk yığımı baxımından təhlükəlidir: "Düzdür, rayon yerlərində ənənəvi olaraq göbələkdən istifadə ediblər. Ancaq hazırda ilin elə bir dövrüdür ki, təbii şəraitdə göbələklərin əmələ gəlməsi üçün münbit şərait var. Belə təbii şərait bir də may ayında olur. 

Azərbaycan böyük ərazili dövlət olmasa da, hər bir adamın yanında dayanmaq olmaz ki, sən bu göbələyi dərmə. Uşaqdır, gedir görür ki, göbələkdir. Televizordan da bilir ki, göbələkdən nəsə bişirib yeyirlər. Ona görə də onu dərir. Sadəcə orta məktəbdə müəllimlər, evdə isə valideynlər uşaqlara göbələklərlə bağlı başa salmalıdırlar. Bizdə bu məsələlərə lazımı diqqət yetirilmir, ancaq müəyyən bədbəxt hadisələr baş verəndən sonra hamı buna diqqət ayırmağa çalışır.

Adətən göbələklərin yaxşı mənada KİV-lərdə təbliğini görürük. Ancaq bununla yanaşı həmişə deməliyik ki, qida növü olsa da insanlar göbələkdən zəhərlənib ölə də bilir. Çünki təbiət hər şeyə ikili xüsusiyyət verir. Göbələyin biri qida əhəmiyyətli olsa da digəri zəhərlidir. Burada alim olmaq məsələsi rol oynamır. Sadəcə yeganə çıxış yolu odur ki, tanımırsansa, kənarda durmalısan”.