BMT-nin Avropa İqtisadi Komissiyasının beynəlxalq ekspertlər qrupu AMEA-nın Mikrobiologiya İnstitutunda olub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, “Ətraf mühit üzrə fəaliyyətin icmalı hesabatı” çərçivəsində BMT-nin eksperti Karin Fueri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə milli monitorinq departamentinin direktor müavini Anar Tağıyev Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradovla görüşüblər.

Görüşdə Azərbaycanın su və torpaq ehtiyatlarının monitorinqi ilə bağlı fikir mübadiləsi aparılıb, ekoloji problemlər müzakirə edilib.

Pənah Muradov Mikrobiologiya İnstitutunun fəaliyyət istiqamətləri, su və torpaq mikrobiologiyası sahəsində apardığı tədqiqatlarla bağlı məlumat verib, su və torpaq ehtiyatlarının monitorinqinin mikrobioloji aspektlərinin zəruriliyini əsaslandırıb. Həmçinin gələcəkdə nəzərdə tutulan tədqiqatlar, işğaldan azad edilmiş ərazilərdəki transsərhəd suların biomonitorinqi ilə bağlı məlumatları diqqətə çatdırıb.

Karin Füeri mövcud problemlərin həllində Mikrobiologiya İnstitutunun beynəlxalq layihələrdə iştirakının vacib olduğunu qeyd edib, birgə əməkdaşlığın böyük səmərə verəcəyini vurğulayıb.