Aprelin 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunun 50 və akademik Məmməd Salmanovun anadan olmasının 90 illiyinə həsr olunan “Yeni tendensiyalar və innovasiyalar: Azərbaycanda mikrobiologiya elminin inkişaf perspektivləri” mövzusunda respublika konfransı keçirilir. Konfransda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov müasir dövrdə mikrobiologiya elminin əhəmiyyətinə toxunub. Akademik Arif Həşimov bu elmin müasir inkişaf səviyyəsinə çatdırılmasında görkəmli mikrobioloq alimlərimizin böyük xidmətləri olduğunu bildirib, akademik Məmməd Salmanovun bu alimlər arasında elmimizə verdiyi töhfələri ilə seçildiyini, o cümlədən institutun yaradılmasında yaxından iştirak etdiyini diqqətə çatdırıb. Bildirib ki, akademik Məmməd Salmanovun elmi yaradıcılığı sıx şəkildə bu institutla bağlıdır. O, təşkilatın yaradıldığı ilk gündən burada çalışıb, uzun illər bu instituta rəhbərlik edib.
“Aparılan uğurlu dövlət siyasətinin nəticəsidir ki, Azərbaycan dünyada baş verən çaxnaşmalar, müharibələr dövründə belə öz stabilliyini qoruyub saxlayır”, - deyə bildirən akademik A.Həşimov bu stabilliyin saxlanılması, ölkənin gələcək inkişafının təmin olunmasında elm adamlarının üzərinə də böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Akademik Arif Həşimov çıxışının sonunda Mikrobiologiya İnstitutu kollektivini institutun 50 illiyi münasibətilə təbrik edib, hər kəsə mikrobiologiya elmimizin inkişafında yeni nailiyyətlər, yaradıcılıq uğurları arzu edib. O, institutun əldə etdiyi təcrübəyə və mövcud kadr potensialına, eləcə də AMEA-nın dəstəyinə arxalanaraq bundan sonra da öz işini effektiv quracağına, qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər edəcəyinə əminliyini ifadə edib.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Azərbaycanda mikrobiologiya elminin inkişafı və müasir dövrün çağırışları” mövzusunda çıxış edib, mikrobiologiya elminin yaranması və inkişafı haqqında danışıb. O bildirib ki, mikrobiologiya elminin yaşı 100-dən çoxdur. İlk dəfə olaraq 1902-ci ildə Gəncədə taun əleyhinə stansiya fəaliyyətə başlayıb, burada müəyyən tədqiqat işləri aparılıb. 1935-ci ildə Bakı Dövlət Universitetində Mikrobiologiya kafedrası yaradılıb. Mikrobiologiya elminin əsaslı inkişafı isə AMEA ilə bağlı olub. Akademik diqqətə çatdırıb ki, Azərbaycanda ümumi mikrobiologiyanın bir çox sahələri 20 ilə qədər müddətdə AMEA-nın Torpaqşünaslıq və aqrokimya, Zoologiya institutlarında kiçik bölmələrdə inkişaf etdirilib, lakin 1972-ci ilin fevralında AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən Mikrobiologiya bölməsi (sektoru) yaradılıb və 1994-cü ilədək həmin adla fəaliyyət göstərib. 1994-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Mikrobiologiya bölməsinə institut statusu verilib və Ədliyyə Nazirliyi tərəfindən elmin mikrobiologiya və biotexnologiya sahələrinə aid fundamental tədqiqat işləri aparan dövlət müəssisəsi kimi dövlət qeydiyyatına alınıb. Hazırda Mikrobiologiya İnstitutu AMEA-nın struktur vahidi kimi AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin tərkibində fəaliyyətini davam etdirir, institutda mikrobiologiya və biotexnologiya sahəsində fundamental və praktiki tədqiqatlar aparılır.
Akademik İradə Hüseynova Mikrobiologiya İnstitutunda aparılan elmi tədqiqat işlərindən bəhs edib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdı. Bu gün Qarabağa böyük qayıdışda Azərbaycan alimləri də iştirak edirlər. Mikrobiologiya İnstitutunun alimləri işğaldan azad olunan torpaqlarımızda elmi tədqiqat işləri aparırlar. Zəngilan sularında mikrobioloji tədqiqatlar aparılıb, mühüm nəticələr əldə olunub. İşğaldan azad olunan digər ərazilərimizdə də bu işlər davam etdirilir. İşğal dövründə ermənilər torpaqlarımıza qarşı da ekoloji terror törədiblər. Alimlərimiz, həmçinin bu istiqamətdə tədqiqatlar aparırlar”.
Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov “AMEA Mikrobiologiya İnstitutu – 50” mövzusunda danışıb. O, institutun 50 ildə keçdiyi yola nəzər salıb.
Professor Nəriman İsmayılov “Akademik Məmməd Salmanovun elmi və elmi-təşkilati fəaliyyəti” mövzusunda məruzə edib. O qeyd edib ki, mikrobioloq alimin əsas elmi fəaliyyəti Azərbaycanda su mikrobiologiyasının əsasının qoyulması və inkişaf etdirilməsi ilə bağlıdır. Belə ki, ölkənin bütün su hövzələrinin, o cümlədən Xəzər dənizinin mikrobioloji, eləcə də ekoloji və hidrobioloji aspektləri baxımından araşdırılması onun birbaşa rəhbərliyi və iştirakı ilə həyata keçirilib. Son 50 ildə Xəzər dənizində, 5 dövlət ərazisi üzrə Kür, Araz çaylarında və onların əsas qollarında, illər və fəsillər üzrə Məmməd Salmanov tərəfindən ilk dəfə həyata keçirilmiş fundamental mikrobioloji və ekoloji tədqiqatlar böyük əhəmiyyət daşıyır.
Konfransda digər çıxış edənlər - AMEA-nın müxbir üzvü İslam Mustafayev, Fuad Qulubəyov, Adil Əliyev, Əli Cəfərov, Aynur Ənsərova Mikrobiologiya İnstitutunun elmin inkişafına töhfələrindən danışıblar, akademik Məmməd Salmanovla bağlı xatirələrini bölüşüblər.
Tədbirdə Mikrobiologiya İnstitutuna və akademik Məmməd Salmanova həsr edilən film nümayiş olunub.
Konfrans öz işini onlayn formatda plenar məruzələrlə davam etdirir.