Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib.

Hesabatı təqdim edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev öncə FRTEB-in institut və təşkilatlarında Azərbaycan Resplikasının Prezidenti tərəfindən imzalanan müxtəlif Fərman, Sərəncam və dövlət proqramlarından irəli gələn vəzifələrin icrası, dövlət sənədlərinin elmi-texniki ekspertizası istiqamətində görülən işləri diqqətə çatdırıb.

R.Əliquliyev dövlət başçısının çağırışlarından irəli gələn vəzifələri rəhbər tutaraq FRTEB-in elmi müəssisələrinin işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması və inkişafı istiqamətində həyata keçirilən işlərə elmi-praktiki dəstək verdiklərini söyləyib.

FRTEB-də kadr potensialının vəziyyətindən söz açan AMEA-nın vitse-prezidenti bildirib ki, bölmənin elmi müəssisələrində ümumilikdə 948 elmi işçi çalışır ki, onlardan 353-ü fəlsəfə, 165-i elmlər doktorudur. Qeyd edib ki, hesabat ilində bölmənin institutlarında 13 nəfər elmlər doktorluğu, 32 nəfər isə fəlsəfə doktorluğu üzrə dissertasiya müdafiə edib.

Sonra akademik R.Əliquliyev FRTEB-də əldə olunmuş mühüm elmi nəticələri Ümumi yığıncaq iştirakçılarının nəzərinə çatdırıb: “2021-ci il ərzində bölmənin elmi müəssisələrində 7 elmi istiqamətdə 111 mövzu üzrə 45 problem tədqiq olunub, bir sıra mühüm elmi nəticələr əldə edilib”.

Vitse-prezident kadr potensialının yaş kateqoriyaları üzrə göstəricilərinin ürəkaçan olmadığını, bu probemi yaradan səbəbləri və onların aradan qaldırılması yollarını qeyd edib.

R.Əliquliyev bölmədə əldə edilən mühüm elmi nəticələr, həyata keçirilən qrant layihələri və tətbiqi və innovativ fəaliyyət haqqında da məlumat verib.

Akademikin sözlərinə görə, hesabat ilində bölmə üzrə dərc olunmuş 1755 elmi əsərdən 1075-i xarici jurnallarda işıq üzü görüb. Onlardan 449-u nüfuzlu “Web of Science” və “Scopus”da olmaqla, ümumilikdə 623-ü beynəlxalq bazalarda indeksləşən jurnallarda çap olunub.  R.Əliquliyev məqalələrin nüfuzlu elmi bazalarda dərc edilməsi ilə bağlı maliyyə dəstəyinin göstərilməməsi problemini də diqqətə çatdırıb.

Elm və təhsil müəssisələri ilə əməkdaşlıq perspektivlərindən danışan R.Əliquliyev FRTEB-in elmi müəssisələrində ali məktəblərin kafedralarının yaradılması, orta ümumtəhsil və orta ixtisas məktəbləri üçün  dərsliklərin hazırlanması, o cümlədən respublikanın ümumtəhsil müəssisələri ilə birgə layihələrin həyata keçirilməsinin vacibliyini önə çəkib.

Müasir dövrün qlobal çağırışlarına cavab verən yeni ixtisaslar və bilik sahələri üzrə kadr hazırlığına ehtiyac yarandığını vurğulayan vitse-prezident, bu bilik sahələrinin və ixtisasların əksəriyyətinin riyaziyyat və informatikanın geniş tətbiqi ilə xarakterizə olunduğunu deyib.

Sonra akademik Rasim Əliquliyev, həmçinin elmin təşkili, idarəolunması və koordinasiyası işlərinin yenidən qurulması məsələsinə toxunub, bu istiqamətdə bir sıra təkliflər verib.