Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun kollektivi Azərbaycanın görkəmli alimi, akademik Məhərrəm Məmmədyarovun doğum günü münasibətilə II Fəxri xiyabana gələrək onun məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

İnstitut əməkdaşları Azərbaycanda mikrobiologiya elminin inkişafında böyük xidmətləri olan alimin məzarı önünə gül dəstəsi qoyublar.

Anım mərasimində görkəmli alimin tələbəsi, Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov böyük alimin keçdiyi həyat yolundan, onun zəngin və dəyərli elmi fəaliyyətindən danışıb. Bildirib ki, Mikrobiologiya İnstitutunun inkişafında Məhərrəm Məmmədyarovun əvəzsiz xidmətləri olub. Alimin elmi fəaliyyətinin böyük bir hissəsi, müəyyən bir dövrü Mikrobiologiya İnstitutu ilə bağlıdır. Belə ki, alim 1981-ci ildən 2002-ci ilə kimi Mikrobiologiya İnstitutuna rəhbərlik edib. 1994-cü ilə kimi AMEA-nın Mikrobiologiya sektoru kimi fəaliyyət göstərən bir qurumun institut statusu alması məhz onun onun yorulmaz fəaliyyətinin nəticəsidir. O, alimin instituta rəhbərlik etdiyi dövrdə mikrobiologiya üzrə tədqiqatların yeni, həm də müasir istiqamətlər üzrə aparılması, mikrobiologiyanın digər elmlərlə inteqrasiyasından yaranan istiqamətlərin inkişafına nail olunmasındakı xüsüsi rolunu vurğulayıb.

Alimin qoyduğu zəngin elmi irslə yanaşı, elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açan P.Muradov Məhərrəm Məmmədyarovun itkisinin bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.