Göbələklərin görünüşünə görə ayırd edilməsi o qədər də asan məsələ deyil, onların toplanması və istifadəsində incə məqamlar var. Son zamanlar göbələklə zəhərlənmə hallarının çoxalması isə insanlar arasında müəyyən narahatlıq doğurur.

Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov AZƏRTAC-a açıqlamasında göbələkdən zəhərlənmələrin baş verməməsi üçün vətəndaşları diqqətli olmağa çağırıb: “Göbələklər müəyyən əlamətlərə görə bitkilərə, müəyyən əlamətlərə görə isə heyvanlara oxşayır. Lakin hazırda canlıların müstəqil bir aləmi kimi xarakterizə olunur, həm də praktiki baxımdan qiymətli qida mənbələrindən biridir. Eyni zamanda, qida zəhərlənmələrinə səbəb ola biləcək metabolitləri də sintez etmək qabiliyyətinə malikdir. Göbələklərin zəhərli növləri hələ çox qədimlərdən insanlara bəlli olub və hətta onu insanların istifadə etdikləri ilk “bioloji silah”lardan hesab etmək olar. Bu göbələkləri xarici görünüşünə görə yeməli göbələklərdən seçmək o qədər də asan deyil. Belə ki, onlar, ümumiyyətlə, ciddi şəkildə diferensiasiya etmiş orqanizmlərdən hesab edilmir və onları zahiri cəhətdən ayırd etmək çətindir. Bu səbəbdən də göbələklərə, ilk növbədə belə bir yanaşma tətbiq edilməlidir: “Mütəxəssis deyilsənsə, əl vurma, öldürər!”

Mikrobioloq alim bildirib ki, məhz zəhərli göbələklə yeməli göbələyin ayırd edilməməsi səbəbindən dünyada hər il on minlərlə insanın zəhərlənməsinin və hətta həyatlarını itirməsinin şahidi oluruq. Azərbaycanın təbiəti göbələk biotası ilə də zəngindir. Demək olar ki, ölkəmizdə dünyada ilk sıralamada yer alan zəhərli göbələklərin yarısına rast gəlinir. Avropada zəhərli göbələklərin 80 növünün yayılması haqqında məlumatlara rast gəlinir ki, onun da 20-si daha təhlükəli hesab olunur. Həmin göbələk növlərindən 10-a yaxını respublikamızda yayılıb. Bunlara solğun əzvay, qırmızı milçəkqıran, pantera milçəkqıranı, iyli milçəkqıran, yalançı boz-sarı kötük, kərpici qırmızı lepiota, qəhvəyi qırmızı lepiota və digərlərini nümunə göstərmək olar. Ümumiyyətlə, zəhərli göbələyi yeməli göbələkdən seçmək olduqca çətindir.

“Göbələklə zəhərlənmənin latent dövrü onu qəbul etdikdən ən yaxşı halda bir neçə saatdan bir neçə günə, bəzən 10 gündən belə çox davam edir. Bu müddət isə onun insan orqanizminə zərərli və ya öldürücü təsirinin qarşısının alınmasını bəzən mümkünsüz edir. Digər tərəfdən, göbələklərin zəhərliliyi müddətlə də bağlıdır. Belə ki, təzə əmələ gələndə yeməli olan göbələklər müəyyən müddətdən sonra zəhərlənməyə səbəb ola bilir və bəzən göbələyi digər qidalarla birlikdə qəbul etdikdə də o zəhərlənməyə səbəb ola bilir. Bu faktlara əsaslanaraq göbələklə münasibətdə yuxarıda qeyd etdiyim yanaşmaya söykənilməsi vacibdir. Əks təqdirdə, bu qəbildən olan zəhərlənmələr, o cümlədən ölümlə nəticələnən hallar qaçılmaz ola bilər”,- deyən alim göbələk zəhərlənməsinin qarşısının alınması üçün əhali arasında maarifləndirmə aparılmasının vacibliyini vurğulayıb.