AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı 4 institutun hesabat məruzələri ilə davam etdirilib.

İclasda Bölmənin üzvləri, institutların rəhbər şəxsləri, aparıcı alimləri, universitetlərin nümayəndələri iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Azərbaycan elminin inkişafı istiqamətində həyata keçirilən islahatlara toxunduqdan sonra hazırkı iclasda 4 institutun 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat məruzələrinin dinləniləcəyini bildirib.

Sonra dinlənilən hesabat məruzələrində Botanika, Zoologiya, Mikrobiologiya, Molekulyar Biologiya və Biotexnologiyalar institutarının 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti, əldə edilmiş nailiyyətlər, Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarından, Nazirlər Kabinetinin qərar və sərəncamlarından irəli gələn və Dövlət proqramlarına uyğun tapşırıqların icrası, kadr hazırlığı, nəşriyyat fəaliyyəti, qrant layihə və proqramlarında iştirak, tətbiq məsələləri, həmçinin mövcud problemlər və perspektiv planlar haqqında ətraflı məlumat veriblər. Qeyd edilib ki, institutlarda Bölmənin elmi istiqamətləri üzrə əsaslı tədqiqat işləri daha da dərinləşdirilib, əldə edilmiş mühüm fundamental və tətbiqi nailiyyətlər nüfuzlu beynəlxalq, o cümlədən “Web of Science”, “Scopus” kimi elmi bazalarda indeksləşən yüksək impakt faktorlu jurnallarda, monoqrafiya və kitablarda, kitab fəsillərində nəşr olunub.

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun hesabat məruzəsini institutun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva təqdim edib.

Məruzədə Azərbaycan florasının, nadir və itmək təhlükəsində olan bitki müxtəlifliyinin öyrənilmə vəziyyəti, müvafiq məlumat bazaları, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının 3-cü nəşri ilə bağlı fəaliyyətlər, müvafiq sahələrdə daxili və beynəlxalq əməkdaşlıq əlaqələri geniş yer tutub. Professor Səyyarə İbadullayeva hesabat ilində əsas diqqətin məhz “Qırmızı kitab”ın 3-cü nəşri üzrə fəaliyyətlərə yönəldiyini və institut əməkdaşları tərəfindən bu məsələ, eləcə də mövzu planları ilə bağlı 57 ekspedisiya və 40-a qədər ezamiyyə gerçəkləşdirildiyini bildirib.

Professor qeyd edib ki, cari ildə “Qırmızı kitab”ının yeni III nəşrinə 443 növ üçün oçerklər, xəritələr və şəkillər hazırlanıb, o cümlədən Qarabağ florasına aid herbari nümunələrinin təftişi, məlumat bazaları və elektron kataloqlarının yaradılması üzrə tədqiqatlar aparılıb. 2022-ci ildə ilk dəfə olaraq Şuşa, Zəngilan, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl rayonlarına ekspedisiyalar təşkil olunub, Topxana meşəsi təftiş edilib. Qarabağa aid 11700 herbari nüsxəsi rəqəmsallaşdırılaraq siyahıya alınıb. Baş direktor bildirib ki, hazırda Botanika İnstitutunda elmin informasiya təminat sisteminin təkmilləşdirilməsi və gücləndirilməsi məqsədinə xidmət edən 4 yerli və 2 beynəlxalq məlumat bazası fəaliyyət göstərir. İnstitutda hər biri ildə 2 dəfə olmaqla 2 jurnal nəşr edilir.

Hesabatın müzakirəsində söz alan AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Botanika İnstitutu tərəfindən toplanmış bitki toxum nümunələrinin Milli Genbankda dublikatlaşdırılmasının, eyni zamanda nəbatat bağlarında ex situ və təbiətdə in situ mühafizəsinin, müvafiq məlumat bazalarının vacibliyinə diqqət çəkib. Səyyarə İbadullayeva topladıqları toxum materiallarının Böyük Britaniyada yerləşən Kyu Botanika Bağlarının genbankında dublikatlaşdırıldığını bildirib, həmçinin institutda fəaliyyət göstərən elektron bazalar haqqında məlumat verib.

Botanika İnstitutunun şöbə müdiri biologiya elmləri doktoru Aydın Əskərov “Qırmızı kitab”da itmək təhlükəsində olan hər bir növün mövcud və tövsiyə edilən mühafizə tədbirlərinin qeyd edildiyini, introduksiya və reintroduksiya məsələlərinə diqqət göstərilməsinin vacibliyini bildirib.

Akademik Tariyel Talıbov Botanika İnstitutunun Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının 3-cü nəşri ilə bağlı fəaliyyətlərini müsbət qiymətləndirib, Azərbaycan Florasının yeni nəşrinin hazırlanmasının vacibliyinə diqqət çəkib. O, Naxçıvan ərazilərində iqlim dəyişikliklərinin və bu vəziyyətin bitki müxtəlifliyinə təsirinin özünü ciddi şəkildə göstərdiyini, belə bir şəraitdə alimlərin rolunun artdığını bildirib.

AMEA-nın müxbir üzvü Vaqif Novruzov Gəncə Dövlət Universitetinin Botanika kafedrasının Botanika İnstitutu birgə apardığı tədqiqatlar haqqında danışıb.

Akademik İradə Hüseynova “Qırmızı kitab”ın nəşrindən dərhal sonra eyni komanda ilə Azərbaycan Florasının yazılmasına başlanılmasını vacib hesab edib. O, eyni zamanda hesabat ilində canlı təbiətin tədqiqi və “Qırmızı kitab”la bağlı tədqiqatlara AMEA-dan ciddi dəstək verildiyini bildirib. Akademik qeyd edib ki, “Qırmızı kitab”ın 3-cü nəşrinin hazırlanmasında əsas yük Botanika İnstitutu ilə yanaşı, AR ETN Zoologiya İnstitutunun üzərinə düşüb. Zoologiya İnstitutu Azərbaycan faunasının, xüsusilə nadir və itmək təhlükəsində olan növlərin tədqiqi istiqamətində hesabat ilində çox iş görüb. Akademik İradə Hüseynova institutda sağlam peşəkar mühitin təmin olunmasında direktor vəzifəsini icra edən aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazovun rolunu xüsusi qeyd edib və hesabat məruzəsini təqdim etmək üçün sözü ona verib.

Məruzədə “Qırmızı kitab”la yanaşı, işğaldan azad edilmiş ərazilərdə, Xəzər dənizində, digər su hövzələrində aparılmış tədqiqatlar barədə məlumatlar əsas yer alıb. Ələddin Eyvazov qeyd edib ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmri ilə Oxçuçayda fiziki-kimyəvi və bioloji monitorinqlərin aparılmasını təmin etmək məqsədilə işçi qrupu yaradılıb. İşçi qrupunun tərkibində Botanika, Mikrobiologiya, Fiziologiya, Torpaqşünaslıq və Aqrokimya institutları ilə yanaşı, Zoologiya İnstitutunun alim və mütəxəssisləri də fəal iştirak ediblər.

Zoologiya İnstitutunda aparılan tədqiqatlarda xarici elmi əməkdaşlıq əlaqələri mühüm rol oynayıb, hesabat ilində bu əlaqələr daha da genişləndirilib. Çap olunan məqalələrdən 38-i beynəlxalq indeksli bazalarda indeksləşən jurnallarda çap olunub. Məqalələr dərc olunan jurnalların 9-u impakt faktorludur (Q1-Q4 kvartilli). İl ərzində institut əməkdaşlarının məqalələrinə 237 istinad olunub və bir patent alınıb.

Məruzəçi Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Zoologiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikası “Qırmızı Kitabı”nın III nəşrinə salınacaq növlərin IUCN-in Qırmızı siyahısının kateqoriya və kriterilərinə görə qiymətləndirməsi üçün təlim keçirilməsini və bu təlimdə müxtəlif təşkilatların (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Botanika və Zoologiya institutları və s.) əməkdaşlarının iştirakını xüsusi qeyd edib.

Akademik İradə Hüseynova da sözügedən təlimin əhəmiyyətindən danışıb, WWF-in rəhbərliyinə təşəkkürlərini bildirib.

AMEA-nın müxbir üzvü Elşad Qurbanov Xəzər dənizi ilə bağlı tədqiqatların gücləndirilməsinin vacibliyini bildirib. AMEA-nın müxbir üzvü İlham Ələkbərov Zoologiya İnstitutuna aparılan tədqiqatlardan danışıb. AMEA-nın müxbir üzvü Novruz Quliyev institutda aparılan tədqiqatları və onların nəticələrini müsbət qiymətləndirib. İnstitutun əməkdaşı biologiya elmləri doktoru Asif Manafov ekspedisiya imkanlarının artırılmasının vacibliyinə diqqət çəkib.

Akademik İradə Hüseynova növbəti məruzənin təqdim edilməsi üçün sözü Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradova verib. Pənah Muradov ilk növbədə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Oxçuçayın hövzəsinin monitorinqi üzrə yaradılmış işçi qrupu çərçivəsində həyata keçirilmiş fəaliyyətlər barədə məlumat verib. O, Ermənistan ərazisindən daxil olan Oxçuçayda, eləcə də Araz çayında çirklənmə səviyyəsinin normaları dəfələrlə üstələdiyini bildirib, tədqiqatlardan alınan nəticələrin müvafiq şəkildə təqdim edildiyini deyib.

Sonra Pənah Muradov təsərrüfat müqavilələri əsasında görülmüş işlər haqqında məlumat verib. AR Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə “Pomidor və xiyar sortlarının istixana üçün yüksək məhsuldar, əsas xəstəliklərə davamlı nümunələrinin seçilməsi və onların becərilməsi üçün innovativ metodların işlənib hazırlanması” mövzusunda iş 2022-ci ildə başa çatdırılıb və sifarişçi tərəfindən qəbul edilib.

Hesabat ilində institut əməkdaşlarının 4 məqaləsi “Web of Sciense” bazasına daxil olan jurnallarda dərc edilib. Əməkdaşların elmi işlərinə 79 istinad edilib.

Mikrobiologiya İnstitutunun illik hesabatının müzakirələrində akademik Məhərrəm Babayev, AMEA-nın müxbir üzvləri Zeynal Əkpərov, Saleh Məhərrəmov və Novruz Quliyev, biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Zülfüqarov iştirak edərək ölkədə belə bir institutun varlığının, müvafiq elm sahəsinin inkişafı üçün yüksək səviyyəli şərait yaradılmasının, avadanlıqlar və reaktivlərlə təchizatın, institutda ştamların kolleksiyalarının yaradılması vacibliyinə diqqət çəkiblər.

Sonra əsası akademik Cəlal Əliyev tərəfindən qoyulmuş AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) illik hesabat məruzəsi dinlənilib. Məruzəni AMEA-nın vitse-prezidenti, MBBİ-nin baş direktoru, akademik İradə Hüseynova təqdim edib.

Akademik hesabat ilində institutun 5-i beynəlxalq olmaqla, 14 laboratoriyasında ümumilikdə 77 elmi işçi, o cümlədən 1 akademik, 4 AMEA-nın müxbir üzvü, 1 Rusiya EA-nın müxbir üzvü, 11 elmlər doktoru və professor, 20 fəlsəfə doktoru tərəfindən aparılan elmi tədqiqatlardan əldə edilmiş mühüm nəticələri toplantı iştirakçılarının diqqətinə çatdırıb. O, qeyd edib ki, institutda hesabat ilində dünya üçün prioritet sayılan istiqamətlərdə, o cümlədən kompüter biologiyası, süni intellekt, maşınöyrənmə üsulları, nanomateriallar, yaşıl enerji və s. sahələrdə multidissiplinar tədqiqatlar aparılıb. Cari ildə Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının elmi işçisi Rəfiqə Məsməliyevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycanda ilk dəfə olaraq “Riyazi biologiya, bioinformatika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Fidan Hüseynovanın Fransanın Monpelye Universitetində “Molekulyar biologiya” ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Toxumanın bərpası üçün diş pulpası kök hüceyrələrinin angiogenik aktivləşdirilməsi” mövzusunda dissertasiya işinin müdafiəsi uğurla keçirilib.

Cari ildə institutun əməkdaşları tərəfindən 17-si yüksək reytinqli jurnallarda olmaqla, ümumilikdə 123 məqalə və tezis, 3 monoqrafiya, 2 kitab fəsli dərc edilib. Cari ildə institut AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə bir neçə beynəlxalq konfrans və elmi seminarın təşkilində fəallıq göstərib.

Son illərdə institutun elm və təhsilin inteqrasiyası sahəsində mühüm nailiyyətlərindən birinin magistr hazırlığı olduğunu bildirən məruzəçi hazırda burada 22 magistrin təhsil aldığını və tədqiqat işləri apardığını qeyd edib. Əlamətdardır ki, institutun gənc mütəxəssisləri İslam İnkişaf Bankının təqaüd proqramı, “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, AMEA və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi əsasında elan edilən müştərək doktorantura proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil alırlar.

Akademik İradə Hüseynova sonra institutda keçirilən təlim kursları və elmi seminarlardan, institutun elmi əsərlərinin mükəmməl saytının yaradılması və beynəlxalq indeksləşən bazalara salınması üzrə aparılan fəaliyyətlərdən danışıb.

Məruzədə həmçinin işğaldan azad edilmiş ərazilərə elmin Böyük Qayıdışında, “Şuşa İli” ilə bağlı keçirilmiş tədbirlərdə iştirak məsələlərinə də toxunulub.

Daha sonra hesabat məruzəsi ətrafında aparılan müzakirələrdə çıxış edən AMEA-nın müxbir üzvü Zeynal Əkpərov qeyd edib ki, ən müasir metodlarla aparılan fundamental və tətbiqi tədqiqatların və alınan nəticələrin, onların dərc olunma vəziyyətinin, əməkdaşların əsərlərinə edilmiş istinadların sayının səviyyəsinə görə MBBİ ölkədə aparıcı yerlərdən birini tutur və bu faktlar hesabat məruzəsində öz əksini tapıb.

AMEA-nın müxbir üzvü Elşad Qurbanov institutun kadr potensialını və elmi kadrların hazırlanmasındakı nailiyyətlərini yüksək qiymətləndirib, gənc perspektivli kadrlar arasında qızların üstünlük təşkil etdiyinə diqqət çəkib, oğlanların da elmə cəlb edilməsinin vacib olduğunu bildirib.

AMEA-nın müxbir üzvü Novruz Quliyev institutda müasir elm sahələri üzrə aparılan tədqiqatlardan, struktur islahatlarından danışıb, elmin texniki təminatının vacibliyinə diqqət çəkib.

AMEA-nın müxbir üzvü Pənah Muradov MBBİ-nin Mikrobiologiya İnstitutu ilə ortaq tədqiqatlarından danışıb, bu tədqiqatlara verdiyi dəstəyə görə akademik İradə Hüseynovaya təşəkkür edib.

Akademik Məhərrəm Babayev, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov və digər çıxış edənlər də hesabatı və onun təqdimatını yüksək qiymətləndirdiklərini bildiriblər.

Ümumi yığıncağın 2-ci gününün gedişində dinlənilmiş 4 təqdimatın hər birindən sonra Bölmə üzvlərinin, qonaqların və digər yığıncaq iştirakçılarının hesabatlara dair çoxsaylı sualları məruzəçilər və institutların müvafiq sahə mütəxəssisləri tərəfindən cavablandırılıb və kadr hazırlığı, gənclərin elmə cəlb edilməsi, tədqiqatların keyfiyyətinin yüksəldilməsi, multidissiplinarlığın təmin olunması və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Müzakirələrə yekun vuran akademik İradə Hüseynova institutlarda hesabat ilində elmi tədqiqat planlarının uğurla yerinə yetirildiyini bir daha diqqətə çatdırıb, gələcək fəaliyyətlərdə nəzərə alınmaq üçün tövsiyə və təkliflərini bildirib.

İnstitutların illik hesabatları Bölmə üzvlərinin ümumi rəyi əsasında qəbul edilib.