Füzuli şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib.

İclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa şəhəri Dövlət Qoruq İdarəsinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.

Toplantıya Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, eləcə də AMEA-nın müxbir üzvü Pənah Muradov və professor Elman İskəndər qatılıblar.

İşçi qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icraçı olduğu tədbirlər üzrə görülmüş işlər barədə məlumat verib.

Sonra işçi qrupun üzvlərinə işğaldan azad edilmiş ərazilərdə ekoloji qiymətləndirmə üzrə aparılan minatəmizləmə fəaliyyəti, bu ərazilərdə baş verən yanğın hadisələrinin qarşısının alınması tədbirləri, turizm infrastrukturunun yaradılması sahəsində, eləcə də Füzuli rayonu ərazisində mineral xammal ehtiyatları və yeraltı suların monitorinqi və təftişi, Köndələnçay su anbarlarının təmir-bərpası üzrə görülən işlərə dair məlumat verilib və bu mövzular ətrafında müzakirələr aparılıb.

İclasdan əvvəl tədbir iştirakçıları və media nümayəndələri Füzuli Beynəlxalq Hava Limanının yaxınlığında 100 ədəd Eldar şamı ağacı əkiblər.