Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

29.04.2014 12:00

 

Azərbaycanlı mikrobioloq alim Moskvada keçirilmiş beynəlxalq konfransda iştirak edib

23-24 aprel 2014-cü il tarixlərdə Moskva şəhərində “Bitkidən preparata kimi: ənənə və müasirlik” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib. Ümumrusiya Dərman və aromatik bitkilər institutu (ÜDABİ) tərəfindən təşkil olunmuş konfransda dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssislər iştirak edib.

Konfransda ölkəmizi təmsil edən AMEA Mikrobiologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, biologiya üzrə elmlər doktoru, professor Pənah Muradov “Azərbaycan şəraitində xalq təbabətində geniş istifadə edilən bitkilərin mikoloji təhlükəsizliyi adlı plenar məruzə ilə çıxış edib.

Azərbaycanlı alim çıxışında bu gün elm-texnikanın inkişafı dövründə sağlamlığımızın qorunub saxlanması baxımından daha mükəmməl yanaşma olan xalq təbabəti və bitkidən-preparata qədər istifadənin mikoloji təhlükəsizlik prinsiplərinin hazırlanmasının zəruriliyi haqqında məlumat verib və bununla əlaqədar əldə edilən nəticələrlə konfrans iştirakçılarını tanış edib.

P.Muradov, həmçinin ÜDABİ rəhbərliyi ilə əmkdaşlıq haqqında fikir mübadiləsi aparıb və birgə tədqiqatların aparılması haqqında ilkin razılığa gəlib.

Faydalı Linklər