AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda 27 Mart – Elm Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamını xatırladaraq, sənədə əsasən hər il martın 27-nin ölkəmizdə Elm günü kimi qeyd edildiyini bildirdi. Respublikamızda elmə göstərilən diqqət və qayğıdan danışan alim əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu ənənənin bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Alim son illər ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən dövlət əhəmiyyətli tədbirlərdən danışıb.

Elmə tarix boyu böyük dəyər verildiyini, bu gün elmin ən yüksək inkişaf mərhələsinə çatdığını bildirib.

Alim çıxışının sonunda bu tarixi gün münasibətilə bütün kollektivi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra elmi fəaliyyətində xüsusi fərqləndiyinə görə institutun bir sıra əməkdaşları - Təhsil, İnformasiya və Əlaqələr şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Vüsalə Xəlilzadə, Fitopatogen mikroorqanizmlər və bioloji nəzarət laboratoriyasının aparıcı elmi işcisi biologiya üzrə fəlsəfə doktoru Şəhla Babayeva, Bioloji aktiv maddələr laboratoriyasının böyük elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Vəfa Həsənova və elmi işçi biologiya üzrə fəlsəfə doktoru Səbinə Cəfərzadə, institutun əyani doktorantı Aqil Əhmədli Fəxri Fərmanla təltif olunub, həmçinin pul mükafatı ilə mükafatlandırılıb.