Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda “Tərəvəzçilik Ensiklopediyası”nın təqdimat mərasimi keçirilib. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən tərtib olunan və aqrar elmi tarixində tərəvəzçilik sahəsi üzrə hazırlanan bu ilk ensiklopediyanın rəyçisi Mikrobiologiya İnstitutunun direktoru vəzifəsini icra edən Pənah Muradovdur.

Bu barədə AZƏRTAC-a Mikrobiologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən Pənah Muradov “Tərəvəzçilik Ensiklopediyası”nın ölkəmizin təsərrüfatı həyatında eləcə də, elmimizin dünya elminə inteqrasiyasında böyük rolu olacağını bildirib.

Kitabda tərəvəzçilik, bostançılıq və kartofçuluq, eləcə də kənd təsərrüfatı sahəsində işlədilən çoxlu termin və anlayışların izahları verilib. Bundan əlavə, ensiklopediyanın tərtibində tərəvəzçiliyə, bostançılığa, kartofçuluğa və onlarla əlaqəli digər sahələrə aid izahlı ensiklopedik lüğətlərdən, internet materiallarından, ayrı-ayrı elm sahələrini əhatə edən mənbələrdən və sorğu kitabdarından, dərsliklərindən, monoqrafiyalardan, müxtəlif jurnal məqalələrindən istifadə edilib.

Ensiklopediyaya, eyni zamanda, tərəvəzçiliyin çoxfunksiyalı bir elmi sahə olmasına əsaslanaraq biologiya, seleksiya və toxumçuluq, bitki fiziologiyası, bitki biokimyası, üzvi və qeyri-üzvi kimya, torpaqşünaslıq, aqrokimya, sitologiya, ekocoğrafiya, ekologiya və digər elm sahələri ilə əlaqəli olan terminlər, onların izahı daxil edilib.

Bu fundamental kitab tərəvəzçi mütəxəssislər, aqraryönümlü müəssisə və təşkilatların əməkdaşları, doktorantlar, bakalavrlar, magistrantlar, fermer təsərrüfatı ilə məşğul olanlar, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.