Bu gün 10 iyun 2021-ci il tarixində AMEA Mikrobiologiya İnstitutunun direktor v.i.e. AMEA-nın müxbir üzvü Pənah Muradovun Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Mahir Haciyevlə rəsmi görüşü baş tutmuşdur. Səfərin məqsədi İnstitutlar arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq müqaviləsi imzalanmasıdır. Görüşdə M.Hacıyev laboratoriyalarla tanış olmuşdur və birgə aparılacaq işlər haqqında müzakirələr aparılmışdır. Müqavilənin şərtlərinə əsasən HETİ və MB İnstitutları doktorant və dissertantlarına birgə dissertasiya mövzularının müəyyən edilməsi, razılaşdırılması və elmi rəhbərlə təmin edilməsi, biologiya və aqrar elmlərinin müvafiq sahələrində qarşılıqlı maraq doğuran mövzular və innovasiyalar üzrə əlaqələndirilmiş birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi olmuşdur.

Birgə aparılacaq elmi-tədqiqatlardan əldə olunan nailiyyətlərə dair hər iki tərəfin təşkilatçılığı əsasında nümayiş sahələrinin yaradılması, təcrübə sahələrinə səfərlər, mühüm təsərrüfat əhəmiyyətli təkliflərin hazırlanması və onların istehsalatda tətbiqi və aqrar sahədə yüksək məhsuldarlığa, müvafiq keyfiyyət göstəricilərinə nail olmaq, xəstəliklərə qarşı davamlı bitki sortlarının alınması, xəstəliklərə qarşı kompleks tədbirlər proqramının işlənib hazırlanmasını və həyata keçrilməsini təmin etməkdir.

Görüşdə HETİ və Mİ arasında tətbiqi əhəmiyyətli nəticələrin istehsalatda tətbiqi üzrə müvafiq fəaliyyətin həyata keçirilməsi, vaxtaşırı aparıcı mütəxəssislərin və gənc alimlərin birgə görüşlərinin təşkili, qarşılıqlı maraq doğuran beynəlxalq və yerli layihə, proqramlarda birgə iştirakı, Elmi və texnoloji informasiya mübadilələrinin aparılması müzakirə edilmişdir.

Görüşün sonunda AMEA Mikrobiologiya İnstitutunun direktor v.i.e. AMEA-nın müxbir üzvü Pənah Muradov və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Mahir Haciyev elmi tədqiqatların aparılması məqsədilə əməkdaşlığa dair müqavilə imzalayıblar.