İşğaldan azad edilən ərazilərdə mövcud olan ekoloji problemlərin həllinə doğru

Təbiət haqqında bir çox bədii əsərlərin müəllifi, görkəmli rus yazıçısı Nikolay Sladkov qeyd edirdi: “Çoxdandır ki, biz təbiətə diqqətlə baxırıq. Özümüzə baxmağın zamanı yetişməyibmi? Quşların və heyvanların narahat gözlərində, çəmənlik və meşələrin gözlərində biz necə görünürük? Kimik biz – Yer üzünün sahibləri? Nə istəyirik? Və nə edirik?”

Müasir cəmiyyətlərin fəaliyyəti nəticəsində yaranmış ekoloji problemlər, kəskin içməli su çatışmazlığı, torpaqların, hətta nəfəs aldığımız havanın çirklənməsi, flora və faunaya dəyən zərər – bu kimi məsələlər yazıçının fikrini olduqca aktual edir. Müasir dövrümüzün ekoloji problemləri alimlərin də qarşısına mühüm vəzifələr qoyur, çünki müxtəlif səpkili çirklənmələrin qarşısı alınmasa bəşəriyyət qlobal fəlakətlə üzləşəcək. Bu, qaçılmazdır.

Azərbaycan alimlərinin də bu yöndə çoxsaylı tədqiqatları var. Bu yaxınlarda Rusiyada AMEA-nın Mikrobiologiya İnstitutunun baş elmi işçisi, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, biologiya elmləri doktoru, professor Nəriman İsmayılovun rus dilində “Praktiki ekobiotexnologiyanın elmi əsasları” («Научные основы практической экобиотехнологии») kitabı çapdan çıxıb.

Vəsaitdə müasir dövrün aktual ekoloji problemlərini həll etməyə imkan yaradan biotexnologiyalara nəzər salınır. Burada ətraf mühit ekologiyasının ümumi qiymətləndirilməsi, biosferin bioassimilyasiya potensialının təhlili və insan cəmiyyətinin bioekoloji potensialı haqqında söhbət açılır. Son hadisələri nəzərə alaraq qeyd edə bilərik ki, təqdim edilən biotexnologiyalar işğaldan azad edilən ərazilərdə mövcud olan ekoloji problemlərin müəyyən edilməsi və həllində də əhəmiyyətli rol oynayacaq.

Monoqrafiyanın “Ətraf mühit ekologiyasının qiymətləndirilməsi” adlı birinci fəslində ekoloji, qlobal (biosfer), milli (ölkə ərazisində), regional (geosistem) və lokal (yaşayış məntəqələri, sənaye mərkəzləri və müəssisələri çərçivəsində) monitorinqlər vasitəsilə müxtəlif qiymətləndirmələrin aparılması, həmçinin ətraf mühiti çirkləndirən amillər (neft və neft məhsulları, partlayıcı maddələr, fenollar, ağır metallar, radioaktiv maddələr və s.) haqqında dolğun məlumat verilir.

“Ətraf mühitin biotexnologiyası” adlı ikinci fəsil ekoloji balansın qorunub saxlanılması prinsipləri, bəşəriyyətin bioekoloji potensialı, biotexnologiyaların əsas yanaşmaları (bioremediasiya, mikrob biotexnologiyası, fitoremediasiya texnologiyaları və b.), həmçinin biotexnologiyalardan istifadə perspektivlərinə həsr edilib. Bundan əlavə müəllif olduqca aktual məsələlər haqqında – fotosintez zamanı toplanan enerjinin səmərəli istifadəsi (bioloji yanacağın istehsalı) ilə bağlı texnoloji bioenergetika sahəsi, sintetik materialları əvəz edə biləcək təbii polimerlər əsasında hazırlanan bioparçalanan plastiklərin səciyyəvi xüsusiyyətləri, bərk məişət tullantılarının utilizasiyası və emalı haqqında da ətraflı danışır.

Ətraf mühitin çirklənmədən qorunması və özünü təmizləməsinin təbii mexanizmləri, ekosistemlərin özünü tənzimləməsi, torpaqların ksenobiotik, pestisid, neft məhsulları və ağır metallardan təmizlənməsi və digər bu kimi mühüm məsələlər monoqrafiyanın üçüncü fəslində araşdırılır.

Dördüncü fəsildə suların təmizlənməsi sahəsində istifadə edilən biotexnologiyalardan söhbət açılır. Hazırda su obyektlərinin çirklənməsi problemi olduqca aktualdır. Bu məqam vəsaitdə də xüsusilə vurğulanır: “Suyun müəyyən və daimi tərkibi canlıların yaşayışı üçün əsas amildir. Qəbul etdiyimiz suyun miqdarı və tərkibi dəyişəndə həzm, qan dövranı və digər proseslər pozulur”. Bu fəsildə su obyektlərinin neftlə çirklənmə səviyyəsinin öyrənilməsi, səth və qrunt sularının təmizlənməsi üsulları tədqiq edilir.

Neft istehsalı biotexnologiyasında istifadə olunan mikroorqanizm və substratlar, neft emalı zamanı süd zərdabı, biopolimerlər və bioloji səthi-aktiv maddələrin tətbiqi, neft istehsalı biotexnologiyalarından səmərəli istifadə meyarları, neft və neft məhsulları ilə çirklənən torpaqların təmizlənmə üsulları – bütün bu məsələlər  monoqrafiyanın növbəti fəslində öz əksini tapıb.

“Ekoloji əkinçilik” adlı altıncı fəsildə ekoloji əkinçiliyin əsasları, kənd təsərrüfatı ekoməhsullarının sertifikatlaşdırılması, kənd təsərrüfatının ekolojiləşdirilməsində istifadə olunan mikrob texnologiyaları, heyvandarlıq tullantılarının emalı və digər məsələlərdən danışılır.

Vəsaitin sonuncu fəsli isə ekoloji mədəniyyət və ekoloji sivilliyə həsr edilib. Müəllif xüsusilə qeyd edir ki, “ekoloji məsuliyyət, insanların və ümumilikdə bəşəriyyətin ekologiya sahəsində məsuliyyətli davranışı müasir əxlaqın bir hissəsidir. Buna görə də ayrı-ayrı fərdlərin və bütün bəşəriyyətin ekoloji tərbiyəsi dövrümüzün tələbidir”. Burada dövlətlər və xalqların dayanıqlı inkişafı və milli təhlükəsizliyinin strateji əsasını təşkil edən sosial tərəqqi – iqtisadiyyat – ekologiya üçlüyü haqqında söhbət açılır ki, antropogen cəhətdən yüklənmiş Yer üzünü nəzərə alsaq dünya ölkələrinin əsas səciyyəvi xüsusiyyətini artıq sırf iqtisadi və ya sosial-iqtisadi deyil, məhz ekoloji-sosial-iqtisadi amil təşkil edir.

Yuxarıda sadalananlardan aydın görünür ki, sözügedən fundamental elmi əsər dövrümüzün olduqca aktual problemlərinin həlli yollarını axtaran alim və mütəxəssislər üçün sanballı bir töhfədir. Oxuculara həmçinin, araşdırılan mövzuları əhatə edən 40-dək şəkil və 40-a yaxın cədvəl, müxtəlif sxem və düsturlar təqdim edilir.

Beləliklə, biotexnoloji üsullar ətraf mühitin qorunmasında əvəzsiz rol oynayır. Bu baxımdan yazıçı Nikolay Sladkovun digər sözləri çox yerinə düşür: “Yeri, təbiəti qorumaq üçün onu sevmək, sevmək üçünsə tanımaq lazımdır. Tanıyandan sonra isə təbiəti sevməmək mümkün deyil”. Nəriman İsmayılovun “Praktiki ekobiotexnologiyanın elmi əsasları” monoqrafiyası bizə təbiəti biraz da tanımağa, tanıdıqdan sonra isə sevib qorumağa kömək edir.

Vəsait müəllimlər, tələbələr, texnoloqlar, ekoloqlar, kənd təsərrüfatı işçiləri, dövlət işçiləri, habelə istehsalatda çalışan məsul şəxslər, sosial və ekologiya sahəsində dayanaqlı inkişaf proqramlarını hazırlayanlar üçün nəzərdə tutulub.

Nəzmin CƏFƏROVA, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

© www.science.gov.az