AMEA-nın Mikrobiologiya İnstitutunda Qarabağ müharibəsində Azərbaycanın tarixi qələbəsinə həsr olunan onlayn toplantı keçirilib.

Tədbiri institutun direktor vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq Qarabağ müharibəsinin böyük qələbə ilə başa çatması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması münasibətilə xalqımızı təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz müasir tariximizə yeni şanlı səhifələr yazıb.

Tədbirdə institutun baş elmi işçisi, biologiya elmləri doktoru, professor Nəriman İsmayılov silahlı qüvvələrimizin sentyabrın 27-dən başlayaraq torpaqlarımızın azad olunması uğrunda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatından söz açıb, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin noyabrın 10-da imzaladıqları bəyanatla ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu vurğulayıb.

İnstitutun laboratoriya müdirləri, biologiya elmləri doktorları Samirə Nəcəfova və Könül Baxşəliyeva isə Vətən müharibəsində qazanılan qələbənin uğurlu dövlət siyasəti, müasir tələblərə uyğun ordu quruculuğu və qətiyyətli diplomatik səylər nəticəsində mümkün olduğunu diqqətə çatdırıblar.

Həmçinin qeyd edilib ki, institutun kollektivi müharibə zamanı ordumuza maddi və mənəvi dəstəyi, cəbhə bölgələrinə mütəmadi səfərləri ilə birliyini nümayiş etdirib və dəstəyini bundan sonra da əsirgəməyəcək.

© www.science.gov.az