AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının növbəti iclası keçirilib.

Akademiyanın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təşkil edilmiş iclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O, əvvəlcə bildirib ki, Azərbaycanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Günü yaxınlaşmaqdadır. Akademikin sözlərinə görə, Vətən müharibəsində Böyük Qələbədən sonra işğaldan azad edilmiş ərazilərin bərpası, infrastruktur layihələrinin icrası, ağıllı şəhər və kəndlərin baş planlarının hazırlanaraq tikinti-quruculuq işlərinə başlanılması, kənd təsərrüfatı və sənaye müəssisələrinin fəaliyyətə başlaması ilə bağlı möhtəşəm işlər görülməkdədir: “Böyük Qayıdışa hazırlıq işləri bütün surəti ilə davam edir. Cənab Prezidentin “Qarabağı cənnətə çevirəcəyik” şüarı ardıcıl olaraq gerçəkləşdirilir. BTEB-in və institutların təşkilatçılığı ilə də Zəfər günü ilə əlaqədar tədbirlərin planlaşdırılması və icrasına başlanılması vacibdir. Artıq Tərtər rayonunun Şıxarx kəndində “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda va arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda tarla seminarı keçirilib. Bölmənin ən mühüm tədbiri isə 8-10 noyabr tarixlərində Zəfər günü və şəhidlərin xatirəsinə həsr edilən II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresi olacaq”.

Müzakirələrdən sonra akademik İradə Hüseynova müvafiq məsələlərlə bağlı tapşırıqlarını verib.

Sonra gündəlikdəki digər məsələlərin müzakirəsinə başlanılıb.

Akademik İradə Hüseynova AMEA Rəyasət Heyətinin “AMEA-nın və respublikanın digər elm və ali təhsil müəssisələrində 2021-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında” 1 oktyabr 2021-ci il tarixli qərarını iclas iştirakçılarının diqqətinə çatdırıb və hesabatların yüksək səviyyədə hazırlanması və müvafiq iclasların keçirilməsi üzrə tövsiyə və tapşırıqlarını verib.

Daha sonra AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru, texnika elmləri doktoru, dosent Yasin Rüstəmov “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın AMEA üzrə müvafiq bəndlərinin icra vəziyyəti barədə məlumatla çıxış edib. O, Su problemləri üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti və müxtəlif nazirliklər tərəfindən yaradılmış müvafiq işçi qruplarında BTEB-in mütəxəssislərinin iştirakından danışıb, planlaşdırılan tədqiqat fəaliyyətləri haqqında məlumat verib.

Akademik İradə Hüseynova son dövrlərdə qeyd edilən istiqamətdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.

İclasda Genetik Ehtiyatlar İnstitutunun, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, Mikrobiologiya İnstitutunun Elmi şuralarının tərkibində qismən dəyişiklik edilməsi haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

Daha sonra Mikrobiologiya İnstitutunun bir neçə laboratoriyasının müdiri vəzifəsinə seçkilərin nəticələri müzakirə edilərək təsdiqlənib.

İclasın sonunda Biologiya və Tibb Elmləri Bölməsinin fəaliyyəti ilə bağlı bir sıra digər məsələlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.