30 ilə yaxın düşmən işğalında olan və müzəffər Azərbaycan ordusu sayəsində geri qaytarılan doğma Qarabağa yenidən dönmək, o yerləri bir daha görmək həm gözəl, həm də qürurvericidir.

44 gün davam edən Vətən müharibəsində şanlı ordumuz parlaq qələbələrlə xalqımıza sevinc yaşatdı. Ali Baş Komandanın iradəsi ilə dəmir yumruğa dönən möhtəşəm xalq bu zəfəri ilə tarixə qızılı hərflərlə yeni səhifə yazdı. Bu dəmir yumruq xalqın gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya bəyan etdi və bu 44 gün ərzində xalqımız yüksək səviyyədə birlik nümayiş etdirdi.

Biz bu gün bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı-qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq.

Doğulub böyüyüb boya-başa çatdığım doğma vətənim Ağdamda, bir vaxtlar qaynar həyatın olduğu əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən artıq əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq yurdumuzu xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər.  Mənfur düşmənin, daş-divarlara, yollara etdiyi vəhşiliyi, ağaclara və təbii bulaqlara qarşı amansızlığı ürəkdağlayıcı olduğu qədər, cəsur ordumuzun o daşlar, binalar üzərində “Qarabağ Azərbaycandır!” kimi yazıları və qoşa dalğalanan Azərbaycan, Türkiyə və Pakistan bayraqlarını görmək qürurverici idi.

Bu gün doğma Azərbaycanın hansı bölgəsində doğulub boya-başa çatmasından asılı olmayaraq, hər bir vətəndaş canla-başla Qarabağımızda qurub yaratmaq, nəsə etmək üçün çırpınır.

Bu gün əldə olunan bu tarixi uğurlar bütün Azərbaycan cəmiyyətində olduğu kimi, biz alimlərin də qarşısına yeni vəzifələr qoyur. Bu tarixi missiyaya layiqli töhfə vermək üçün bütün əməkdaşlarımız böyük ruh yüksəkliyi ilə çalışır.

Mən də o torpaqlara yenidən qayıdıb doğma Şuşada tədqiqat işləri aparmaq, təbiətinin hansı mənfi təsirlərə məruz qaldığını öyrənmək, əlimdən gələni əsirgəmədən etmək üçün şansım olduğuna görə Ali Baş Komandana və ordumuza minnətdaram.

Əzəli torpaqlarını öz gücü ilə işğaldan azad etməklə bütövləşən qalib ölkəmiz şanlı zəfərlə tarixi ədaləti bərpa etdi. Biz qalib ölkənin vətəndaşlarıyıq.

Xalqımız Vətən müharibəsində əldə olunmuş qələbənin birinci ildönümünü sevinclə, qürurla qeyd etməyə hazrlaşır. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi olub.

Bu gün Qarabağla bağlı çox söz demək olar. Mən böyük qürur hissi ilə deyirəm ki , “Zəfərin mübarək Azərbaycan!”, “Qarabağ Azərbaycandır!”

Könül BAXŞƏLİYEVA, AMEA-nın Mikrobiologiya İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru, dosent