AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının və Zoologiya İnstitutunun Elmi şurasının birgə iclası keçirilib.

Tədbir Zoologiya İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunub.

İclası giriş sözü ilə AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Sonra Zoologiya İnstitutunun direktoru v.i.e., aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov rəhbərlik etdiyi müəssisənin cari ildəki hesabatını təqdim edib. O, cari ildə “Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması” istiqaməti üzrə 4 problem, 10 mövzuya aid 34 elmi tədqiqat işinin yerinə yetirildiyini, onlardan 1 iş və 109 mərhələnin yekunlaşdığını qeyd edib. Məruzəçi bildirib ki, hesabat ilində institut əməkdaşları tərəfindən Xəzərin müxtəlif sahələrində infuzor birliklərinin növ müxtəlifliyinin müqayisəli analizləri və sərbəstyaşayan ibtidai birliklərinin strukturuna görə ətraf mühitin keyfiyyətinin ilkin qiymətləndirilməsi aparılıb, tədqiqat müddətində Abşeronun sahil sularında müxtəlif ekoloji qruplarda daxil olmaqla 15 fəsiləyə aid (Trachelocercidae, Spirostomatidae, Condylostomatidae, Amphisiellidae, Oxytrichidae, Parameciidae, Prorodontidae, Metopidae, Stokesiidae, Uronematidae, Pleuronematidae, Euplotidae, Colepidae, Urostylidae, Tintinnoidea) 29 növ infuzor qeydə alınıb.

Alim Stylurus ubadschii (Gompidae, Odonata) növünün Azərbaycan faunası üçün ilk dəfə qeyd edildiyini xüsusi vurğulayıb. Həmçinin elm üçün 4 yeni otbiçən və 1 hörümçək (Dysderidae fəsiləsi) növünün təsvir olunduğu barədə məlumat verib. Onun sözlərinə görə, ilk dəfə olaraq çoxalma mövsümünün sonunda (payız) təbiətdən ovlanmış Levant gürzələrinin süni şəraitdə cütləşmə olmadan mövsümdən kənar vaxtda, qış aylarında (dekabr-fevral) yetişmiş embrionları olan yumurtalar qoyması faktları aşkar edilib. Bu faktlar dişinin yumurta borusunda payız cütləşməsindən sonra qalmış sperma materialının uzun müddətə saxlandığını (spermoadaptasiya) və ya mayalanmış yumurta hüceyrələrinin payızda qeyri əlverişli hava şəraiti olduğundan embrional diapauza mərhələsinə (embrioadaptasiya) keçdiyini sübut edir.

Natiq cari ildə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin hazırlanması üzrə yaradılan işçi qrupun mütəxəssisləri tərəfindən Azərbaycanın müxtəlif ərazilərində geniş tədqiqatlar aparıldığını vurğulayıb. “Qırmızı Kitabı”n III nəşrinə nadir, nəsli kəsilmək və təhlükə altında olmaqla, qorunmasına ehtiyac yaranan 279 növ heyvanın daxil edilməsinin planlaşdırıldığını bildirib.

Ümumilikdə 128 olmaqla 55 məqalə, 56 tezis, 4 monoqrafiya (1-i xaricdə), 13 adda buklet və flayerin nəşr edildiyini vurğulanıb. Onlardan 41 məqalə və 27 tezis xarici jurnallarda nəşr edilib. O cümlədən məqalələrdən 23-nün “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşən jurnallarda dərc edildiyini söyləyən direktor cari ildə institut əməkdaşlarının elmi əsərlərinə istinadların olduğunu, əməkdaşların dəfələrlə yerli və xarici konfranslarda məruzələrlə çıxış etdiklərini bildirib. Ələddin Eyvazov cari ildə qrant layihələr, imzalanan müqavilələr, gələcək planlar və perspektivlər haqqında da ətraflı məlumat verib. İnstitutun 85 illiyinə və akademik Musa Musayevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Zoologiyada fundamental və tətbiqi elmi araşdırmalar: Aktual məsələlər, nailiyyətlər və innovasiyalar” mövzusunda keçirilmiş elmi-praktik konfransın materiallarının çapdan çıxdığını bildirib.

Sonda hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər dinlənilib.

Akademik İradə Hüseynova rəhbərliyə və əməkdaşlara öz tövsiyələrini verib.

Yekunda müəssisənin fəaliyyəti müsbət qiymətləndirilərək illik hesabatın qəbul olunmasına dair qərar qəbul edilib.

İclasın sonunda akademik İradə Hüseynova tərəfindən akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovaya anadan olmasının 70 illik yubileyi münasibətilə Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri fərmanı təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.