Dekabrın 10-da AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin üzvləri müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Akademik Ramiz Mehdiyev və AMEA Rəyasət Heyətinin üzvləri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın əlaməti olaraq Ulu Öndərin məzarı üzərinə əklil və gül dəstələri qoyub, ruhu qarşısında baş əyiblər.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub, məzarları üstünə gül dəstələri düzülüb.

Fenomen şəxsiyyəti, böyük dövlətçilik istedadı, müdrik və uzaqgörən siyasəti ilə Azərbaycanın dövlətçilik tarixinə xilaskar və qurucu lider kimi düşmüş Ulu Öndər Heydər Əliyev bütün həyatını xalqına və dövlətinə həsr etmiş, Azərbaycanın inkişafı naminə misilsiz addımlar atmışdır. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyevin müəyyən etdiyi siyasi, iqtisadi kurs qısa vaxtda Azərbaycanı SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevirmişdir.

Zəngin siyasi və dövlətçilik təcrübəsinə malik əbədiyaşar lider 1993-cü ildə ikinci dəfə hakimiyyəti gəldiyi zaman Azərbaycanı vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etmiş, respublikanın dövlət suverenliyinin qorunması və möhkəmlənməsini iqtisadi müstəqillikdə görərək bu istiqamətdə başda “Əsrin müqaviləsi” olmaqla genişmiqyaslı layihələr həyata keçirmişdir.

Ölkəmizdə elmin və respublikamızın əsas elmi mərkəzi olan Milli Elmlər Akademiyasının inkişaf etdirilməsi sahəsində də Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır.

Ən çətin günlərdə Azərbaycan dövlətinin və xalqının köməyinə arxalanan Ümummilli Lider Heydər Əliyev əvəzsiz xidmətləri və parlaq şəxsiyyəti ilə xalqımızın qəlbini fəth etmişdir.

Nə qədər ki, Azərbaycan var, Heydər Əliyevin ideyaları və obrazı xalqımızın qəlbində əbədi yaşayacaqdır.