AMEA-nın Mikrobiologiya İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov çıxış edərək Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biri olduğunu bildirib. Qeyd edib ki, 1992-ci ilin 26 fevral tarixində Xocalıda baş vermiş qırğın erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Bu faciə zamanı 613 nəfər dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib, əksəriyyəti yaşlılar, qadın və uşaqlar olmaqla 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi isə bu günə kimi məlum deyil. Alim faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edildiyini vurğulayıb.

P.Muradov bildirib ki, Xocalı soyqırımının anımı əvvəlki illərlə müqayisədə fərqlidir. Qırx dörd günlük Vətən müharibəsi və torpaqlarımızın azad edilməsi fonunda Xocalı qurbanlarının qisası alınıb. Ancaq faciədən 30 il ötməsinə baxmayaraq, bu günün millətin yaddaşında sağalmayan yara olduğunu qeyd edib.