AMEA-nın Mikrobiologiya İnstitutunun Torpaq mikrobiologiyası laboratoriyasının əməkdaşları b.e.d., dosent Samirə Nəcəfova və b.ü.f.d. Aygün Qasımova Moskvada Rusiya Təbiət Elmləri Akademiyasının təşkilatçılığı ilə onlayn formatda keçirilən “Regionlarda strateji ekoloji, iqtisadi və sosial prioritetlər və layihələr: təhlili və inkişaf perspektivləri” adlı beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.
İnstitutunun Torpaq mikrobiologiyası laboratoriyasının müdiri, b.e.d., dosent Samirə Nəcəfova “Azərbaycan ərazisində ekoloji təsərrüfat zonalarının formalaşdırılmasının perspektivləri” adlı məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan ərazisində təsərrüfat əhəmiyyətli torpaqların ekoloji problemləri, onların aradan qaldırılmasının həlli yolları, ekoloji təmiz məhsul əldə edilməsi üçün bu torpaqların bərpa üsullarının perspektivləri haqqında konfrans iştirakçılarına məlumat verilib.