31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar AMEA-nın Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası “31 Mart soyqırımını unutmadıq” mövzusunda anım tədbiri keçirib.

Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov tədbirdə çıxış edərək ermənilərin müxtəlif dövrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımlarla bağlı tarixi faktları diqqətə çatdırıb. O, mənfur qonşularımızın qanlı əməlləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb: “Ən böyük müəllim tarixdir, zamandır. Ondan dərs götürməyəndə qisası amansız olur”.

Sonra müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Almaz Həsənova   soyqırımının miqyasından, onun acı nəticələrindən söz açıb. Diqqətə çatdırıb ki, gənclər  soyqırımının dünyada tanıdılması istiqamətində fəallıq nümayiş etdirməlidirlər.