Sumqayıt Dövlət Universitetinin (SDU) Kimya və biologiya fakültəsinin 3-cü kurs tələbələrinin 20 nəfərdən ibarət heyəti AMEA-nın Mikrobiologiya İnstitutunda istehsalat təcrübəsi keçib.
Təcrübə prosesində məqsəd tələbələrin elmi işə cəlb olunması, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılması olub. Tələbələrə institutun laboratoriyalarında təcrübə müddətində universitetdə əldə etdikləri bilikləri elmi tədqiqatlarla əlaqələndirmək üçün hər cür şərait yaradılıb.
Öncə tələbələrə müəssisənin əsas fəaliyyət istiqamətləri, institutun laboratoriyalarının iş prinsipi və beynəlxalq əlaqələri barədə geniş məlumat verilib. Sonra tələbələr institutun Mikrobioloji biotexnologiya və Su mikrobiologiyası laboratoriyalarında olublar. Təcrübədən öncə onlar təhlükəsizlik qaydaları ilə təlimatlandırılıb, aparılan elmi-tədqiqat işlərinə baxış keçiriblər.
Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri, b.e.d., dosent Könül Baxşəliyeva tərəfindən laboratoriyada qidalı mühitlər, onların hazırlanması, mikroorqanizmlərin becərilməsi və avadanlıqların iş prinsipi haqqında məlumat verib.
Su mikrobiologiyası laboratoriyasının müdiri, b.ü.f.d., dosent Anar Hüseynov və həmin laboratoriyanın əməkdaşı Şəfiqə Feyzullayeva isə tələbələrə suyun müayinə metodları və cihazları haqqında danışıb.
Təcrübə prosesi və əldə etdikləri biliklər tələbələrin böyük marağına səbəb olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.