Mikrobiologiya İnstitutunun mikrobioloji biotexnologiya laboratoriyasının müdiri dosent Könül Baxşəliyevanın “Azərbaycanın toksigen mikobiotası: növ tərkibi, ekobioloji xüsusiyyətləri” adlı yeni monoqrafiyası çapdan çıxıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, kitabın elmi redaktoru Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov, rəyçilərı akademik Məmməd Salmanov, professorlar Fərayət Əhmədova və Gülər Seyidovadır.

Monoqrafiya son dövrlərdə tədqiqatçıların diqqət mərkəzində olan toksigen göbələklərin, eləcə də onların Azərbaycanda yayılan növlərinin ekoloji xüsusiyyətlərinin tədqiqi zamanı əldə edilən nəticələr əsasında hazırlanıb.

Kitabda mikrobioloqlar, mikoloqlar, ekoloqlar üçün toksigen göbələklərin Azərbaycanda yayılan növləri, qeydə alınan növlərin ekobioloji xüsusiyyətləri, eləcə də həmin göbələklərin fəaliyyətinin məhdudlaşdırilmasına səbəb olan vasitələr haqqında maraqlı məlumatlar yer alıb.

Elmi ictimaiyyətə təqdim olunan monoqrafiyadan mikrobiologiya, mikologiya sahəsində çalışan tədqiqatçılar, mütəxəssislər faydalana bilər.

“Azərbaycanın toksigen mikobiotası: növ tərkibi, ekobioloji xüsusiyyətləri” monoqrafiyası Mikrobiologiya İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunub.