Hər bir xalqın tarixini onun müdrik və qəhrəman oğulları yaradıb. Bu mənada Ulu Öndər Heydər Əliyev tariximizin ən dəyərli bir dövrünə əbədi imza atıb. Öz xalqını ürəkdən sevən, bütün ömrünü Azərbaycana həsr edən bu tarixi şəxsiyyət Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra, yəni 1969-cu ildən respublikanın həyat ahəngi dəyişdi və yeniləndi. Ölkəyə rəhbərliyinin ilk illərində sürətli inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən Ümummilli Lider ölkədə hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov söyləyib. O bildirib ki, elmin bütün sahələrini diqqətlə izləyən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə məhz bir çox elmi müəssisələrin yaranması və onların maddi-texniki bazasının gücləndirilməsində konkret addımlar atılıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi keçmiş sovet dönəmində mikrobiologiya elmi, onun inkişafı üçün mühüm qərarlar verilib. Belə ki, 1972-ci ilin fevralında Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin qərarına əsasən, mikrobiologiya elminin inkişafı, elmi tədqiqatların vacibliyi nəzərə alınaraq Mikrobiologiya sektoru yaradılıb. Həmin sektor 22 il müddətində, yəni 1994-cü ilə kimi bu adla fəaliyyət göstərib. 1993-cü ildə Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti seçildikdən bir il sonra - 1994-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Mikrobiologiya sektoruna institut statusu verilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən elmin mikrobiologiya və biotexnologiya sahələrinə aid fundamental elmi-tədqiqat işləri aparan dövlət müəssisəsi kimi qeydiyyata alınıb. Bütün bunlar isə Ulu Öndərin gərgin əməyi, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində reallaşıb. Dahi lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elm və təhsil sahəsi, ali təhsil müəssisələri, elmi-tədqiqat institutları uğurla inkişaf edib.

“Pandemiya dövründə yaşadığımız çətinliklərə nəzər salsaq, görərik ki, mikrobiologiya elminin inkişafı nə qədər vacibdirsə, bir o qədər də zamanın tələbidir. Gözlə görünməyən kiçik mikrohissəciklərin verdiyi böyük zərərin hər zaman şahidi olmuşuq. Bu baxımdan mikrobiologiya elminin maddi-texniki bazasının yaradılmasını da dahi şəxsiyyət Heydər Əliyev zamanında dəyərləndirib və inkişafına zəmin yaradıb. Belə ki, Heydər Əliyev cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini düşündürən məsələləri uğurla həll edib. Bütün elm sahələrində müasirləşmə istiqamətində konkret addımlar atılaraq qərarlar verilib. Ulu Öndər elm və təhsilin inkişafına, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşıb. Məhz bu reallıqlara, elm və təhsil sahəsindəki yenilənmə və müasirləşməyə nəzər salsaq, görərik ki, dahi liderin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycan elminin inkişafı istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Ölkə Prezidentinin qəti iradəsi və müdrik xarici siyasəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi nəticəsində torpaqlarımız erməni işğalından azad olundu. Beləliklə, bu gün doğma Qarabağın bərpası fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız daha firavan gələcəyə doğru irəliləyir”, - deyə Pənah Muradov fikrini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır