AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Bayramova Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. Ölkəmizin 90-cı illərin əvvəllərində düşdüyü siyasi və iqtisadi böhran vəziyyətində Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikanın ən çətin vaxtında hakimiyyətə qayıdışı nəticəsində hərc-məcliyə son qoyulduğunu qeyd edib: “Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən rəsmi bayram kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyev öz Xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu”.

Ümummilli Liderin qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaratdığını, ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyduğunu vurğulayıb. Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Fəridə Əliyeva və üzvləri Süsən Abdullayeva, Aqil Əhmədli və Samirbəyim Abdullayeva çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycanın dövlət bayramları içərisində xüsusi yerə malik olduğunu qeyd edib, ölkəmizin gənclərinin qarşısında bu gün böyük vəzifələrin qoyulduğunu vurğulayıblar.

Sonda Milli Qurtuluş Gününə həsr olunan “Tarixin şanlı səhifələri” adlı videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.