Mayın 26-da AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmlər Akademiyasının prezidenti, prof., Dr. Müzəffər Şəkərlə görüşüb.

Görüşdə AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, İradə Hüseynova, AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov, Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva və İnformasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov da iştirak ediblər.

Tədbirdə çıxış edən akademik Arif Həşimov qonağı salamlayaraq onu AMEA-da görməkdən məmnunluğunu bildirib, iki qardaş ölkə arasında bütün sahələrdə yüksək səviyyədə münasibətlərin olduğunu, “Teknofest Azərbaycan” festivalı sayəsində isə yeni dövrün – texnoloji əməkdaşlığın başladığını söyləyib. Qeyd edib ki, dost və qardaş Türkiyə Respublikası son illərdə yeni texnologiyalar və hərbi sənayedə yüksək nailiyyətlər əldə edib və indi bir çox dünya ölkələri pilotsuz uçuş aparatları və digər sahələrdə Türkiyənin təcrübəsini öyrənməyə çalışırlar. Qardaş ölkənin uğurlarının qürur yaratdığını dilə gətirən akademik Arif Həşimov AMEA və Türkiyə Elmlər Akademiyasının texnologiya sahəsində əməkdaşlığının perspektivlərindən danışıb və əhəmiyyətinə toxunub.

Türkiyə Elmlər Akademiyasının prezidenti, prof., Dr. Müzəffər Şəkər də öz növbəsində AMEA-da olmaqdan məmnunluğunu ifadə edib, Azərbaycanın elm məbədinə daha əvvəl ziyarət etməyi planlaşdırdığını, lakin ötən iki il ərzində pandemiyaya görə, bunun baş tutmadığını vurğulayıb. Rəhbərlik etdiyi qurum barədə məlumat verən M.Şəkər Türkiyə Elmlər Akademiyasının təməllərinin hələ 18-ci əsrin sonları – 19-cu əsrin əvvəllərində atılmağa başlandığını, bir sıra səbəblərə görə, fəaliyyətinə fasilə verildiyini, rəsmi olaraq isə 1993-cü ildə təsis olunduğunu deyib.

“Teknofest Azərbaycan” festivalı çərçivəsində ölkəmizdə olduğunu diqqətə çatdıran M.Şəkər bu gün elmi-texniki tərəqqinin, texnoloji inkişafın, innovativ ideyaların dövlətlərin müstəqilliyində, azadlıqlarının təmin edilməsində xüsusi önəm daşıdığını söyləyib. Bildirib ki, Türkiyə daxili imkanlar, tədqiqatlar və yerli mühəndislər sayəsində texniki sahədə tarixi nailiyyətlər əldə edib.

M.Şəkər hazırda Türkiyə Elmlər Akademiyasında texnoloji tədqiqatlardan əlavə, insan sağlamlığının qorunması, biotexnologiyalar, ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində önəmli araşdırmaların aparıldığını vurğulayıb. O, bu prosesin Türkiyənin özəl sektoru, ali təhsil müəssisələri və aidiyyəti nazirliyinin birgə iştirakı ilə həyata keçirildiyini deyib.

Türkiyə Elmlər Akademiyasının prezidenti son illərdə aparılmış tədqiqatlar nəticəsində ərsəyə gəlmiş və “Teknofest Azərbaycan”da sərgilənmək üçün ölkəmizə gətirilmiş 45-ə yaxın elmi əsərin AMEA-ya bağışlanacağını diqqətə çatdırıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iki ölkə arasında elmi əlaqələrin təməllərinin Mövlana Cəlaləddin Rumi ilə Şəms Təbriziyə söykəndiyini, görkəmli sufi şairlərinin Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərinin simvolları olduğunu söyləyib. Qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə prezidentlərinin atdıqları addımlar iki ölkənin mənəvi-siyasi birliyinin əyani göstəricisidir və dünyada münasibətləri bu səviyyədə olan hər hansı bir başqa dövlətlər yoxdur. “Teknofest Azərbaycan” festivalının bu münasibətlərin daha da güclənməsinə rəvac verəcəyini deyən akademik ölkələrimiz arasında elmin bütün sahələrində əməkdaşlıq təməllərinin atılmasının vacibliyini bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova isə çıxışında qardaş Türkiyənin 44 günlük Vətən müharibəsində Azərbaycana hər cür dəstəyi verdiyini və Bakıda keçirilən Zəfər paradında yaxından iştirak etdiyini söyləyib. Həmçinin rəhbərlik etdiyi Biologiya və Tibb Elmləri Bölməsində Azərbaycan və Türkiyə xalqlarının genetik strukturunun öyrənildiyini diqqətə çatdırıb. “Teknofest”in Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsinin önəmini qeyd edən akademik bu gün ən böyük gücün elm və texnologiya olduğunu deyib, Bölmədə aparılan tədqiqatlarda texnoloji yeniliklərdən geniş istifadə edildiyini vurğulayıb. Bundan əlavə, bölmənin üzvü, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun Türkiyədə koronavirusa qarşı vaksinlərin hazırlanması üzrə elmi qrupda aktiv iştirak etdiyini bildirib. O, “Teknofest Azərbaycan” festivalının ölkəmizdə yeni texnologiyaların inkişafına öz töhfəsini verəcəyini və festivalın nəticələrinin bəhrəsini yaxın illərdə görəcəyimizi deyib.

AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva isə bu günlərdə Türkiyə səfəri çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verib. Qeyd edib ki, 2013-cü ildə AMEA ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. O, sözügedən sənəddən irəli gələrək tərəflər arasında 3 layihə müsabiqəsinin həyata keçirildiyini və Azərbaycandan alim və mütəxəssislərin TÜBİTAK-ın çağırışlarında aktiv iştirak etdiklərini söyləyib. Həmçinin hazırda TÜBİTAK-ın ekspertlər bazasının (PYS) AMEA-nın istifadəsinə açılması üzrə razılığın əldə olunduğunu və PYS-dən istifadə üzrə ilkin təlimlərin keçirildiyini deyib.

Sonda tərəflər qarşılıqlı xatirə hədiyyələri təqdim ediblər. Prof., Dr. Müzəffər Şəkər Türkiyə Elmlər Akademiyasının “İslamda elm və texnologiya” beşcildiyini akademik Arif Həşimova təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.