Torpaqlarımız erməni işğalından azad olunandan sonra Elm və Təhsil Nazirliyi Mikrobiologiya İnstitutu tərəfindən də Qarabağda elmi-tədqiqat işlərinə başlanılıb. Torpaqlarımızın və su resurslarımızın tədqiqi, bərpası, səmərəli istifadəsi günümüzün əsas tələbi, alimlərimiz qarşısında duran mühüm vəzifələrdəndir. Məlumdur ki, Azərbaycanın əsas su mənbələri olan Kür və Araz çaylarının qolları qonşu ölkələrin ərazilərində formalaşır. Elmi araşdırmalar nəticəsində müəyyən edilib ki, Ermənistanla həmsərhəd zonada yerləşən Araz, Kür çayları mənfur qonşularımız tərəfindən son 20 ildə intensiv şəkildə çirklənməyə məruz qalıb.
Bunu AZƏRTAC-a açıqlamasında Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov rəhbərlik etdiyi elmi müəssisədə aparılan tədqiqat işlərindən bəhs edərkən söyləyib. O bildirib ki, işğaldan azad olunmuş torpaqlarımızda alimlərimiz tərəfindən aparılan tədqiqat işləri hazırda davam edir. Ötən ildən başlayaraq institutun bir qrup əməkdaşı Şuşa şəhərində ezamiyyətdə olub. Şuşanı içməli su ilə təmin edən mənbələrdən, eyni zamanda, torpaqlardan nümunələr götürüblər. Bu nümunələr Mikrobiologiya İnstitutunun laboratoriyasında analiz edilərək hesabatlar hazırlanıb. Hesabata əsasən bu ərazilərdə fəsillər üzrə geniş tədqiqatların aparılması zərurəti müəyyən edilib ki, institut tərəfindən bütün bu işləri həyat keçirmək üçün lazımi şərait yaradılıb.
Qeyd edim ki, Mikrobiologiya İnstitutunun Su mikrobiologiyası laboratoriyasının əməkdaşları Füzuli rayonu ərazisindəki su və torpaqların vəziyyətinin mikrobioloji aspektdə qiymətləndirilməsi məqsədilə müşahidələr aparıb, laboratoriya analizləri üçün nümunələr götürüb və artıq nəticələr əldə olunub.
Müşahidələr Hadrut qəsəbəsi və Tuğ kəndi ərazisində də aparılıb. Köndələnçay, Qozluçay, Quruçay və Ağbulaq çayının töküldüyü su anbarından götürülən su, eləcə də torpaq nümunələri institutun Su mikrobiologiyası, Mikrobioloji biotexnologiya və Torpaq mikrobiologiyası laboratoriyalarında tədqiq edilib. Habelə Zəngilan rayonu ərazisindən keçən Oxçuçayda bioloji monitorinq aparılması məqsədilə İşçi qrupu yaradılıb və ora aidiyyəti üzrə dörd institutdan nümayəndələr daxil edilib. İşçi qrupunun üzvləri plana uyğun olaraq görüşlər keçirirlər. “Azərsu” ASC-nin mərkəzi laboratoriyasında əməkdaşlarla keçirilən görüşdə görülən işlər və planlaşdırılan məsələlər, gələcək fəaliyyət barədə müzakirələr aparılıb. Hazırda İşçi qrupu ilkin fəaliyyət planı üzrə tədqiqatlarını həyata keçirir. Oxçuçaya ekspedisiyalar təşkil edərək nümunələr götürülüb və analiz aparılıb. İşçi qrupu üzvlərinin birgə razılığına əsasən torpaq və su nümunələri, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq laboratoriyasında tədqiq edilir.
Baş direktor gələcəkdə elmi müəssisə və təşkilatların Kənd Təsərrüfatı Nazirliyi ilə birgə bu ərazilərdə tədqiqat işlərinin həyata keçirilməsinin əhəmiyyətini də vurğulayıb. Qeyd edib ki, mikroorqanizmlərin həyatımızda zərərli və faydalı tərəfləri çoxdur. Faydalı mikroorqanizmlərdən istifadə kənd təsərrüfatına yeni imkanlar yaradır. Bu faydalı mikroorqanizmlərin süni şəkildə çoxaldılması hesabına bitkilərin məhsuldarlığını, zərərvericilərə qarşı davamlılığını artırmaq problemlərin həllində elmi açar rolunu oynamaqla böyük fayda verə biləcək.
“Qarabağa Böyük Qayıdış proqramının icra olunmasında Mikrobiologiya İnstitutunun alimləri də öz tədqiqatları ilə töhfə vermək üçün əzmlə çalışırlar. Bu sahədə mikrobioloji tədqiqatlar aparılıb və mühüm nəticələr əldə olunub. Qeyd edim ki, işğaldan azad olunan digər ərazilərimizdə də bu işlər davam etdirilir”,- deyə Pənah Muradov fikrini yekunlaşdırıb.