Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Bayramova “8 Noyabr – şanlı Zəfər tariximiz” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Vətən müharibəsi tariximizin qəhrəmanlıq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrilib. Xalqımız öz Liderinin - Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək gücünü, mətinliyini, mübarizliyini dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Qarabağ Zəfəri qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Aygün Behbudova və Əfsanə Cəmilli çıxış edərək Zəfər Gününün ölkəmizin tarixində ən şərəfli və əlamətdar bir gün olduğunu qeyd ediblər. Vurğulanıb ki, bu Zəfər hər birimiz üçün sonsuz qürur mənbəyidir.

Sonra şuranın üzvü Əsmər Məmmədova 9 Noyabr – Dövlət Bayrağı Gününün təsis tarixindən bəhs edib. O, dövlətçiliyimizin mühüm atributlarından olan üçrəngli Bayrağımızın hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyi olduğunu vurğulayıb: “Bu gün Azərbaycan Bayrağı dünyanın ən mötəbər kürsülərindən ucalır. Bayrağımızı hər zaman uca tutmaq hamımızın borcudur”.

Tədbirdə Vətən müharibəsinin qəhrəmanlıq səhifələrindən bəhs edən videoçarx nümayiş olunub.

Sonra tədbir iştirakçıları Hərbi Qənimətlər Parkını ziyarət ediblər.