Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun layihəsi Azərbaycan Elm Fondunun Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsas Qrant Müsabiqəsi–2023”ün qalibləri sırasındadır. Elm Fondunun Müşahidə Şurasının qərarına əsasən Mikrobiologiya İnstitutunun layihəsi də qalib elan olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, qrant müsabiqəsində 13 layihə, o cümlədən AMEA-nın müxbir üzvü Pənah Muradovun rəhbəri olduğu “Meyvə və giləmeyvə bitkilərinin in vitro şəraitində embriogenez və morfogenez induksiyasının fundamental əsaslarının öyrənilməsi, əldə olunan klonların inkişafının, məhsuldarlığını və xəstəliktörədicilərinə davamlılığını yüksəldən biopreparatların alınması və istehsal texnologiyasının elmi əsalarının hazırlanması” layihəsi qalib olub. Layihənin 9 icraçısı arasında Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 3 əməkdaşı da yer alır. Layihə üzrə nəzərdə tutulan işlər hər iki institutun laboratoriya və təcrübə sahələrində yerinə yetiriləcək. Layihənin yerinə yetirilməsi 2 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, “Əsas Qrant Müsabiqəsi–2023”ün proqramı qabaqcıl texnologiyaların, kəşflərin sayını artırmaq üçün nəzərdə tutulub. Bu müsabiqə elmi tədqiqatlarla yanaşı, nümayiş layihələri və innovasiyalar da daxil olmaqla geniş spektrli fəaliyyəti dəstəkləyir. Məqsəd müsabiqə əsasında ayrılan maliyyə vəsaiti hesabına elmin səviyyəsini yüksəltmək və tədqiqatın elmi əhəmiyyətini rəhbər tutaraq alimlərin özlərinin təklif etdikləri mövzular üzrə tədqiqatlarını dəstəkləməkdir.