Çində keçirilən Asiya Elmlər Akademiyasının Birinci Baş Assambleyasında AR ETN Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov Asiya Elmlər Akademiyasının akademiki seçilmişdir.
Bu münasibətlə Asiya Elmlər Akademiyası Katibliyin rəhbəri Dr. Safi Asim Bin Asif, akademiyanın prezidenti, akademik, professor, Dr. Elçin Xəlilov adından yeni seçilmiş üzvlərə təbrik məktubu ünvanlamışdır.
Məktubda qeyd edilir ki, konfransın uğurla başa çatması və akademiyanın akademik və müxbir üzv heyətinin seçilməsi “Asiyada Birləşmiş Akademik və İntellektual Məkanın” (UAISA) yaradılmasının başlanğıcını müjdələyir.
Bu məkan Asiya alimləri arasında inteqrasiya və əməkdaşlıq üçün yeni bir paradiqma və fəlsəfəni təmsil etməklə yanaşı dərin, həmkarcasına münasibətlərə əsaslanan, intellektual baxımdan stimullaşdırıcı bir mühit yaratmağı nəzərdə tutur. Məqsəd - qarşılıqlı elmi əməkdaşlıq, fikirlərin sərbəst mübadiləsi və sinergetik qarşılıqlı fəaliyyət üçün birgə sahə formalaşdırmaqdır.
Qeyd edək ki, Baş Assambleya Çin, Rusiya (Tatarıstan Respublikası, Çeçenistan, Respublikası, Dağıstan Respublikası və Başqırdıstan Respublikasının nümayəndələri ilə), Hindistan, Yaponiya, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Pakistan, həmçinin Asiya ölkəsi olmayan ABŞ, Fransa, Yunanıstan və Moldova da daxil olmaqla müxtəlif ölkələri təmsil edən 120 nümayəndənin iştirakı ilə keçirilmişdir.
Bundan əlavə, konfransda Akademiyanın idarəetmə rəhbərliyi – Prezident, Vitse-prezidentlər, Baş katib və Rəyasət Heyətinin üzvləri, Elmi şuranın sədr müavinləri, müxtəlif Komitələrin sədrləri, həmçinin Həqiqi üzvlərin (Akademiklərin), Müxbir üzvlərin və İnstitusional Üzvlərinin seçilməsi təsdiqlənib.



