BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası insanların iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir və onun da ilk sessiyası 1995-ci ildə Almaniyanın Berlin şəhərində keçirilmişdir.

Qeyd etmək yerinə düşər ki, iqlimin dəyişməsi ümumən təbiət hadisəsi olsa da, hazırda qeyd edilən qlobal iqlim dəyişməsi insanların təbiətə intensiv müdaxiləsinin (istixanalar, avtomobil qazları, fabrik-zavod tullantıları və s.) nəticəsi olması hamının qəbul etdiyi reallıqlardandır. Belə ki, buna misal olaraq insanların qidaya olan tələbatlarının ödənilməsi üçün meyvə və tərəvəzlərin becərilməsi məqsədi ilə istifadə edilən istixanalardan və meqaşəhərlərdə avtomobillərdən atmosferə buraxılan zərərli qazların insan orqanizminə nə qədər ağır təsir etdiyini demək yetərli olar. Lakin iqlim dəyişmələri təkcə insanların sağlamlığına mənfi təsir etmir, eyni zamanda özü ilə bir sıra iqtisadi və ekoloji problemlər də yaradır.

İqlimin mənfi tərəfə dəyişməsi müxtəlif sahələrə müxtəlif formada təsir etsə də, ən ciddi təsir tullantıların səmərəli utilizasiya olmamasına və temperaturun yüksəlməsinə görə aqrar sektorda, xüsusən də bitkiçiliklə bağlı olanlarda hiss edilməkdədir. Belə ki, bitkilər təkamül prosesində daim iqlim dəyişikliklərinə məruz qalmışlar ki, bu da CO2 qazının atmosferdəki miqdarı və temperaturla əlaqədar olmuşdur. Bəzi məlumatlara görə, təxminən 20 min il bundan qabaq, daha dəqiq, sonuncu buzlaşma dövründən bəri havada CO2-nin miqdarı 0,018% ppm olduğu halda, hazırda onun miqdarı 0,041% təşkil edir və əsrin sonuna kimi onun 0,051–0,1% kimi yüksəlməsi gözlənilir. Qlobal temperaturun orta göstəricisi isə həmin dövrdən birinci sənaye inqilabına kimi 4,5 ͦ C yüksəlmışdir və ondan sonra isə hazırkı günlərə kimi daha 0,8 ͦ C artmışdır.

Yaşadığımız əsrin sonuna kimi temperaturun 1–3,7 ͦ C arasında yüksələcəyi də proqnozlaşdırılır. Bunun qarşısının alınmasının zəruri olması COP-un qarşısında duran vəzifədir. Çünki COP bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbirdir ki, onun 29-cu sessiyası Azərbaycanda keçirilir. COP29-un əsas mövzusunun iqlim dəyişmələrinin təsirlərindən zərər görən ölkələr üçün nəzərdə tutulan maliyyələşmə ilə bağlı olacağı açıqlanmışdır. Belə bir mövzunun seçilməsini də təbii hesab etmək olar. Belə ki, maliyyə mənbəyi olmayan ən gözəl ideya belə söz olaraq qalacaq. İnanırıq ki, COP29 bu məsələnin öhdəsindən gələcək və bu gün bəşəriyyəti narahat qedən karbon emissiyasının azaldılması üçün işlək maliyyə mexanizminin tapılması yolunda ciddi addımlar atılacaqdır.

Onu da deyək ki, COP29-un Azərbaycanda keçirilməsi bir dövlət olaraq aparılan xarici siyasətin böyük təntənəsidir və ölkəmizə həm siyasi, həm iqtisadi, həm də elmi baxımdan böyük dividendlər gətirəcək, dünyanın yaşıllaşdırılmasında respublikamızın da payının olmasını əyani şəkildə göstərəcəkdir. Belə ki, Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi, Azərbaycanda istixana qazı emissiyalarının 2050-ci ilə qədər 40% azaldılmasının planlaşdırılması, su qıtlığının aradan qaldırılmasına və biomüxtəlifliyin kasadlaşması kimi qlobal xarakterli problemin həllinə istiqamətlənmiş strategiya və tədbirlər bunu əyani şəkildə təsdiq edir və COP29 bunu özündə aydın şəkildə əks etdirən bir ayna kimi də xarakterizə oluna bilər.

 

AR ETN-nin Mikrobiologiya İnstitutunun

Baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov