Bu gün mikrobiologiya sahəsində görkəmli alim və pedaqoq, səriştəli elm təşkilatçısı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru, professor Pənah Zülfiqar oğlu Muradovun 65 yaşı tamam olur.
Muradov Pənah Zülfüqar oğlu 1 oktyabr 1960-cı il tarixində Ağcabədi rayonunun Şahsevən kəndində anadan olub. O, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsində təhsilini bitirdikdən sonra təyinatla AMEA-nın Mikrobiologiya İnstitutunun Bitki substratlarının biokonversiyası laboratoriyasında baş laborant kimi fəaliyyətə başlayıb. P.Muradov 1985-1988-ci illərdə aspiranturada təhsil alıb.
Mikrobiologiya İnstitutunda kiçik elmi işçi (1989), qrup rəhbəri (1991) kimi fəaliyyət göstərib, laboratoriya müdiri (1993), elmi işlər üzrə direktor müavini (1995) təyin edilib və 2020-ci ilin may ayınadək Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, 2020-ci ildə direktor vəzifəsini icra etmiş və 2021-ci ilin iyul ayından hal- hazıra kimi Mikrobiologiya İnstitutun baş direktor vəzifəsində çalışır.
1989-cu ildə “Mikrobiologiya” ixtisasında biologiya üzrə fəlsəfə, 2004-cü ildə isə elmlər doktoru dissertasiyasını müdafiə edib, 1995-ci ildə dosent, 2011-ci ildə professor elmi adını alıb.
2007-ci ildə AMEA-nın müxbir üzvü seçilməsi, professor Pənah Muradovun azərbaycanlı alim və elm təşkilatçısı kimi qazandığı yüksək nüfuzun daha bir təsdiqidir.
2006-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və aqrar elmləri üzrə ekspert komissiyasının üzvü seçilib, 2009-cu ildən 2021-ci ilə kimi həmin komissiyanın sədr müavini olubdur.
2013-cü ildən AMEA-nın Aqrar elmlər bölməsinin büro üzvü, 2020-ci ildən isə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi şurasının üzvüdür.
Həmçinin Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının həqiqi üzvü,Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvüdür.
2009-cu ildən Gürcüstan Mikrobioloqlar Cəmiyyətinin “Mikrobiologiya və biotexnologiya” və Moskva Dövlət Vilayət Universitetinin “MDVU-nun Xəbərləri, təbiət elmlər seriyası” jurnallarının redaksiya heyətinin üzvüdür.
Qazaxıstanda nəşr edilən “Mikrobiologiya və Virusologiya”, Rusiyada nəşr edilən“Həştərxan Dövlət Universitetinin elmi xəbərləri” jurnallarının Redaksiya Heyətinin üzvüdur.
Alimin elmi rəhbərliyi ilə yüksək ixtisaslı kadrların hazırlanmasında böyük əməyi vardır.
Onun elmi rəhbərliyi ilə 31 fəlsəfə, 4 elmlər doktoru hazırlanmışdır ki, onların arasında xarici ölkə vətəndaşları da yer alır. Hazırda onun rəhbərliyi ilə 2-fəlsəfə və 3- elmlər doktorluğu dissertasiyası yerinə yetirilir.
P.Muradovun əsas elmi fəaliyyəti hidrolitik təsir tipinə malik olan fermentlərin aktiv produsentlərinin axtarılması, ksilotrof makromisetlərin ferment sisteminin xarakterik xüsusiyyətlərinin aydınlaşdırılması, aqrar sektorda əmələ gələn tullantıların utilizasiyası metodlarının hazırlanması kimi problemləri əhatə edir. Bu istiqamətdə aparılan tədqiqatların nəticəsində ksilotrof makromisetlərdə hidrolitik təsir tipinə malik fermentlərin sintezinin təbiəti və sintez olunmuş fermentlərin hüceyrə xaricinə sekressiyası prosesləri, eləcə də yeməli göbələklərin intensiv üsulla becərilməsi prosesində onların fermentativ aktivliyində baş verən dəyişikliklərlə bağlı bir sıra məsələlərə aydınlıq gətirən dəyərli məlumatlar əldə edilib, bitki tullantılarının “az tullantılı və ya konkret mərhələdə tullantısız texnologiya” prinsipinə uyğun istifadəsinə imkan verən mikrobioloji üsul işlənib hazırlanıb, Azərbaycan təbiətinə xas mikobiota üçün onlarca yeni növ müəyyənləşdirilib, göbələklərin "Qırmızı Kitab" obyekti kimi tədqiqi aparılaraq qorunması vacib olan göbələk növləri müəyyən edilib.
P.Muradovun 280-dən çox elmi əsəri dərc edilib. Onlardan biri monoqrafiya, 4-kitab,5 müəlliflik şəhadətnaməsidir. Onun əsəsrlərinin yarıdan çoxu ABŞ, Böyük Britaniya, Rusiya,Türkiyə, Hindistan, Ukrayna, Belarusiya, Çexiya, Macarıstan, Gürcüstan, Ruminiya, Braziliya və s. kimi ölkələrdə nəşr edilən nüfuzlu nəşrlərdə dərc edilibdir.
Görkəmli alim dünyanın bir çox ölkələrində keçirilmiş konfrans, simpoziumlarda məruzələrlə iştirak edərək, doğma vətənimizi layiqincə təmsil edib.
Dəfələrlə Beynəlxalq qrant layihələrənin (SRDF və STSU) və Azərbaycan Elm Fondunun qalibi olmuşdur. Mikrobiologiya elminin inkişafındakı xidmətlərinə görə 3 dəfə AMEA-nın “Fəxri Fərmanına” layiq görülmüşdür.
Ölkənin elm və təhsilinin inkişafı sahələrində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin əmri ilə "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)"Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
Hazırda P.Muradovun rəhbərliyi ilə müəssisənin fəaliyyətinin müasirləşdirilməsi, mütəxəssis hazırlığı, işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi yolunda əməli addımlar atılmışdır.
Alimin təşəbbüskarılığı ilə bu gün elmi nəticələrin tətbiqi sahəsində bir çox qurumlarla birgə işlər aparılır və artıq uğurlu nəticələrə imza atılıb, həmçinin bir sıra sahələrdə praktiki layihələr həyata keçirir.
Pənah Muradov görkəmli alim , elmi təşkilatçısı olmaqla yanaşı, Azərbaycan ziyalısı, gözəl insan, səmimi dost və rəhbərdi.
Yüksək milli-mənəvi keyfiyyətləri, insanlarla ünsiyyətdə qayğıkeşliyi, xeyirxahlığı, yumor hissi, sadəliyi, təvazökarlığı Pənah müəllimi xarakterizə edən xüsusiyyətlərdəndir.
Tanınmış alim AMEA-nın müxbir üzvü Pənah Muradovu 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı ,uzun ömür elmi, elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyətində tükənməz enerji və daha böyük uğurlar arzulayırıq.