Təəssüf  hissi ilə bildiririk ki, AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutuna ağır itki baş verib. Bu gün səhər saat 6 radələrində İnstitutun Su mikrobiologiyası laboratoriyasının müdiri, b.ü.f.d., dos., İnstitut Həmkarlar təşkilatının sədri Anar Teyyub oğlu Hüseynov qəflətən vəfat edibdir. 

Anar Hüseynov 1979-cü il iyunun 24-də Azərbaycanın Beyləqan rayon Kəbirli kəndində anadan olub.

1996-2000-ci illərdə BDU-nun biologiya fakültəsinə təhsil alaraq universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2000-ci ildə həmin universitetin “Mikrobiologiya və virusologiya” ixtisası üzrə magistr pilləsinə daxil olmuş və 2002-ci ildə magistr pilləsini də fərqlənmə diplomu ilə bitirmişdir.

2003-cü ildə BDU-da “Mikrobiologiya” ixtisası üzrə doktoranturaya daxil olaraq, 2006-cı ildə bitirmiş və dissertasiya işini uğurla müdafiə etmiş və biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2007-ci ildən AMEA-nın Mikrobiologiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayan alim Anar Hüseynov 2016-cı ildən laboratoriya müdiri vəzifəsinə seçilmiş və ömrünün sonuna kimi həmin vəzifəni şərəflə yerinə yetirmişdir. 

2016-cı ildən həmçinin AMEA Mikrobiologiya İnstitutunun Həmkarlar Komitəsinə sədri seçilərək ömrünün sonuna qədər bu vəzifəni də layiqincə yerinə yetirmişdi.

İşlədiyi müddət ərazində elmi fəaliyyətində Xəzər dənizinin və çay sularının, bulaqların mikrobiosenozunun ekoloji vəziyyətinin dəyişilmə dinamikası haqqında kifayət qədər faktiki material toplanmış, suyun və qruntun avtoxton mikrobiotasının tərkibi və yayılması qanunauyğunluqları müəyyən edərək, bu sahədə tanınmış mütəxəssis kimi özünü təsdiq etmişdir.

Yerli və xarici nəşrlərdə dərc edilən 100-dən çox elmi məqalə, tezis və konfrans materialların müəllifi olub.

Kadr hazırlığında, institutun ictimai fəaliyyətində səmərəli fəaliyyət göstərirdi və bu istiqamətdə də əzmlə çalışmaqda davam edirdi. Təssüf ki, vaxtsız ölüm onun elmi  və institutdakı  ictimai fəaliyyətinə son qoydu. Lakin onun xatirəsi onu sevənlərin, tanıyanların, institutun kollektivinin qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!